İQTİSADİYYAT


Yaxın günlərdə Babək prospektində yenidənqurma işləri yekunlaşacaq VİDEO

Bakı, 29 noyabr, AZƏRTAC

Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik və uzunluğu 9 kilometr olan Babək prospektində aparılan yenidənqurma işləri yekunlaşır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Yol yatağının yararsız qruntu təqribən 20 min kvadratmetr sahədə ortalama 0,8-1 metr dərinliklə qazılaraq çıxarılıb. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və əsas yenidən bərpa edilib.

Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, prospekt boyunca 4 kilometrdə yeni yaxın kanalizasiya kollektoru, 1000 və 800 millimetr diametrli polad borularla 7 kilometr uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 kilometr uzunluğunda paylayıcı kəmərlər olmaqla, ümumilikdə 30 kilometrə yaxın su xətti çəkilib.

Bundan başqa, aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub. Bu işlərə uyğun olaraq prospektdə 99 nöqtədə kanalizasiya xətlərinin baxış qapaqları da yenilənib.

Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib: “Layihəyə uyğun olaraq prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün köhnə piyada səkiləri bərpa olunub və 15 min 200 kvadratmetr sahədə yeniləri tikilib, mövcud yol ayrıcı da sökülərək yenidən qurulub. Yol ayrıcının eninin kiçildilməsi prospektin hərəkət hissəsinin genişləndirilməsinə imkan yaradıb. Belə ki, prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilib. Yeni tikilən yol ayrıcının və piyada səkilərinin kənarlarına 26 min 350 poqonmetr uzunluğunda yeni səki daşları düzülüb”.

Yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılaraq yekunlaşdırılır. Artıq prospektin təqribən 8 kilometrlik hissəsində asfalt-beton örtüyünün 3 layının döşənməsi işləri bitib. Hazırda qalan 1 kilometrlik hissədə bu işlər davam etdirilir. Ümumilikdə prospektin 323 min 609 kvadratmetr sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi bitmək üzrədir. Asfaltlanan ərazilərə yeni üfüqi nişanlanma xətləri çəkilir, zəruri yol nişanları və məlumatverici lövhələr quraşdırılır.

Həmçinin prospektin yenidənqurulması zamanı avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədilə 22 yerdə xüsusi “cib”li hissələr tikilib, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə geriyə dönməsi üçün əlavə zolaqlar və geridönmə hissələr yaradılıb, yolun işıqlandırılması üçün yol ayrıcında ikitərəfli yeni işıqlandırma sistemi qurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.