CƏMİYYƏT


Yaxın günlərdə ölkəmizdə ilk dəfə sosial reyestri formalaşdıran portalın təqdimatı keçiriləcək

Bakı, 6 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “e-sosial” internet portalının yaradılması işləri artıq yekunlaşıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, portal ölkəmizdə ilk dəfə sosial reyestrin formalaşdırılmasına imkan verir. Bu reyestr vətəndaşların ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə (və ya nazirliyin aidiyyəti qurumlarına) müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatları əhatə edir.

İstifadəçilər portalda qeydiyyatdan keçdikdən sonra nazirliyin informasiya ehtiyatlarında və sistemlərində onlarla bağlı mövcud məlumatları (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) öz şəxsi kabinetində görəcəklər.

Onlar bu portal vasitəsilə nazirliyin aidiyyəti qurumlarına müraciət və sorğular göndərə, əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta üzrə elektron xidmətlərdən real vaxt rejimində faydalana biləcəklər.

Yeni “e-sosial” portalı geniş funksional imkanları özündə cəmləşdirməklə, eyni zamanda, dövlət sosial xidmətlərinin vahid platforma üzərindən, sistemli, bir-biri ilə əlaqələndirilmiş şəkildə təqdim olunmasına şərait yaradacaq.

Hazırda portal qısamüddətli sınaq mərhələsindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.