CƏMİYYƏT


Yaxın günlərdə regionlarda polis əməkdaşlarının vaksinasiyasına başlanılacaq VİDEO

Bakı, 12 fevral, AZƏRTAC

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın birinci mərhələsinə uyğun olaraq Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının da vaksinasiya prosesinə start verilib. İlkin olaraq fevralın 6-dan etibarən nazirliyin Bakıda xidmət aparan əməkdaşları peyvəndləməyə cəlb olunublar. Vaksinasiya DİN-in Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalında, 1 və 2 saylı poliklinikalarında həyata keçirilir. Bu günədək aparılan peyvəndləmə prosesi zamanı əməkdaşlar arasında fəsadlaşma halları qeydə alınmayıb.

Bu sözləri AZƏRTAC-a müsahibəsində DİN-in Tibb İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Loğman Zeynalov deyib.

Şöbə rəisinin sözlərinə görə, vaksinasiya mütəşəkkil qaydada həyata keçirilir və bu zaman strategiyanın əsas prinsiplərindən olan könüllülük prinsipi əsas götürülür: “Vaksinasiya üçün müraciət edən əməkdaş öncə həkim tərəfindən müayinə olunur. Hər hansı əks-göstəriş halı olmazsa, həmin şəxsə vaksin vurulur. Birinci dozadan 28 gün sonra həmin əməkdaşa ikinci doza vurulacaq. Vaksinasiya strategiyasında göstərildiyi kimi, son altı ay ərzində koronavirusa yoluxanların, onkoloji xəstəliklərdən o cümlədən, yüksək qan təzyiqindən əziyyət çəkənlərin və dərman preparatlarına qarşı allergiyası olanların peyvəndlənməsi məsləhət görülmür”.

L.Zeynalov qeyd edib ki, yaxın müddətdə regionlarda da polis əməkdaşlarının vaksinasiya prosesinə başlanılacaq. Onların vaksinasiyası Səhiyyə Nazirliyinin və TƏBİB-in yerli müalicə-profilaktika müəssisələrində həyata keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.