CƏMİYYƏT
Yaxındangörmənin qarşısını almaq onunla mübarizə aparmaqdan asandır
Bakı, 22 avqust, AZƏRTAC
Yaxındangörmə təkcə uzaq məsafədə yerləşən obyektləri seçməyin mümkün olmadığı görmə problemi deyil. Miopya, həmçinin yaxındangörmədən əziyyət çəkən insanın cəmiyyətlə qarşılıqlı münasibətində bəzi psixoloji problemlər yarada bilər və xəstədə natamamlıq kompleksi formalaşdıra bilər. Adətən miopiya erkən yaş dövründə - uşaq məktəbə gedən zaman yaranır.
Müasir dövrdə dəbdə olan brendin hazırladığı eynək çərçivəsini almaqla bütün bunlardan asanlıqla yaxa qurtarmaq olar. Beləliklə, eynək nəinki öz funksiyasını yerinə yetirəcək, həm də dəbli aksessuara çevriləcək.
AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, miopiyanın profilaktikası aparılmasa, yaxındangörmə problemi olmayan uşaqda belə bu problem yarana bilər. Problemin yaranmasına yol verməmək problemlə mübarizə aparmaqdan daha yaxşıdır. Ona görə də görmə itiliyini zəiflətməmək üçün uşaq bəzi qaydalara əməl etməlidir. Uşağın oxuduğu, baxdığı istənilən mətn və ya təsvir gözdən 30 santimetrdən çox məsafədə olmalıdır. Nəyisə xeyli çox oxumaq və ya nəyəsə xeyli çox baxmaq olmaz. Gözlər dincəlməlidir. Oxumaq üçün yeganə düzgün vəziyyət oturan vəziyyətdir. Hərəkət edən nəqliyyatda deyil, sakit şəraitdə oxumaq lazımdır, çünki hərəkət edən vəziyyətdə oxuyanda gözlər daha çox gərgin vəziyyətdə olur.
Miopiyanın profilaktikasında bədəni düz saxlamağın vacib rolu var. Bu, obyektə düzgün bucaqdan baxmağa imkan verir. Oxu otağında uşağın hərfləri seçə biləcəyi adekvat işıqlandırma olmalıdır. Habelə düzgün qidalanmaq, görmə orqanının normal fəaliyyətinə kömək edən vitamin və mikroelementlər qəbul etmək lazımdır.
Belə nəticə çıxarmaq olar ki, müasir dövrdə yaxındangörmənin xoşagəlməz psixoloji təsirlərini yaxın buraxmamaq, eləcə də bu xəstəliyin qarşısını almaq mümkündür.