MƏDƏNİYYƏT


Yaxşı insanlara rast gəlmək Allahın insana lütfüdür

Bakı, 18 fevral, AZƏRTAC

Xalqın sevilən şairi, maraqlı epik-dramatik poema və pyeslərin müəllifi, müəllim-pedaqoq, istedadlı tənqidçi, jurnalist, ictimai xadim və ən əsası, bunların hamısını bir yerdə ancaq ən yaxşı mənalarında cəmləşdirmiş əsl insan - müasir Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndəsi Nəriman Həsənzadənin bu gün doğum günüdür. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə böyük şairimizi “İstiqlal” ordeni ilə təltif edib. Mən də sevimli şairimizi doğum günü və yüksək dövlət mükafatı ilə təltif olunması münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və yaradıcılığı ilə bizləri daha uzun illər sevindirməsini arzulayıram.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Ülviyyə Ağayevanın Xalq şairi Nəriman Həsənzadə haqqında yazdığı məqalədə yer alıb.

“Həmişə, hər yerdə və hamı üçün yaxşı olmaq çətindir. Kiməsə yaxşı valideyn, kiməsə yaxşı şair, yaxşı alim, yaxşı rəhbər işçi taleyi qismət ola bilər. Ancaq N.Həsənzadə bu xüsusi niyyətlərin hamısının bir insan taleyində, bir insanın adı ətrafında toplanmasının mümkün olduğunu sübut edən insandır. Bu gün Nəriman Həsənzadə geniş ictimaiyyətdə daha çox şair kimi tanınır və sevilir. Onun şeirlərini milyonlara sevdirən əsas cəhət bu əsərlərdəki insanpərvərlik, gözəllik, vətənə və dünyaya məhəbbətlə dolu həyat fəlsəfəsidir. Sadə, səmimi hislərin ifadəsi olan şeirləri heç bir oxucunu biganə qoymur, hamının qəlbini riqqətə gətirir. Şeirlərini öz həyat süzgəcindən keçirən, qəlbinin səsi ilə canlandıran şair oxucuların qəlbinə elə bu səmimiyyəti və təbiiliyi ilə yol tapır. Sünilikdən, pafosdan, təmtəraqdan uzaq olan şeirləri ilə sadə bir insanın həyatı, qəlb duyğuları, sevinci, fərəhi, acısı-şirini gözlərimiz qarşısında canlanır, sanki şair bizim qəlbimizdən, bizim taleyimizdən danışır. Şeirləri də özü kimi sadə, bahar təravətlidir və bu yaşında da qəlbi şeirlərində əks etdirdiyi duyğularla döyünür. Mövzularının müxtəlifliyi, insan arzularının, cəmiyyət həyatının və dövrün çoxcəhətli zəngin boyalarla canlandırılması Nəriman Həsənzadənin bütün poetik əsərlərinin əsas xüsusiyyətidir. Elə buna görə də onun poeziyası oxucuda dərin maraq oyadır, əsərləri sevilə-sevilə izlənir, N.Həsənzadədən yeni əsərlər gözlənilir. Əsl insan və vətəndaş kimi yaşadığı, qəlbinin süzgəcindən keçirdiyi hislərini şeirlərinin canına hopduran şair yorulmaq bilmir, qəlblərə və şüurlara xüsusi zövq və informasiya göndərir. Bir insan kimi sadəliyi, qayğıkeşliyi onun misralarının arxasından boylanır, ən sadə ifadələrlə səslənən misralarının altından dərin insan fəlsəfəsi görünür”, - deyə yazıda qeyd edilir.

Yazıda bildirilir ki, Nəriman Həsənzadə sadəcə lirik şeir ustası deyil, onun tarixi mövzularda yazdığı əsərləri həm də bir tədqiqatçı, tarixə böyük diqqət və dəyər verən sənətkar olduğunu göstərir: “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Midiya sarayı”, “Nuru paşa” kimi əsərləri tarixi bilmədən, araşdırmadan ərsəyə gətirmək mümkün deyil. Ümumiyyətlə, N.Həsənzadədən danışarkən, yaradıcılıq və fəaliyyətini izləyərkən aydın görünür ki, o yalnız istedadlı sənətkar deyil, sözün əsl mənasında böyük insandır. Daha bir qüdrətli şairimiz B.Vahabzadənin müdrikliklə söylədiyi “N. Həsənzadə dünyada gözəllik, nəciblik, zəriflik axtarır və bunları bəzən olmayan yerdə də görür” fikri belə bir qənaət yaradır ki, Tanrı N.Həsənzadəyə yalnız şairlik istedadı deyil, əsl insan olmaq istedadı bəxş etmişdir. Nəriman müəllim müsahibələrindən birində demişdir ki, “yaxşı insanlara rast gəlmək Allahın insana lütfüdür”. Allah da bizə onun simasında saf qəlbli, gözəl insan, böyük istedad bəxş etmişdir. Deməli, bizə də həmin lütfdən pay düşüb. Ümidvarıq ki, onun şəxsiyyətinin şöləsi hələ uzun müddət bizim mənəvi dünyamıza işıq saçacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.