REGİONLAR


“YayFest” gənclər düşərgəsinin iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Quba, 16 iyul, Elxan Yusifli, AZƏRTAC

Şahdağ Turizm Mərkəzində təşkil olunan “YayFest” gənclər düşərgəsinin iştirakçıları iyulun 16-da tanınmış incəsənət xadimləri və media nümayəndələri ilə görüşüb, müxtəlif mövzularda təlimlərə qatılıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşərgədə Bakıdan və regionlardan müsabiqə əsasında seçilən 500-dən çox gənc iştirak edir.

Azərbaycan Respublikası Gənclər Fondunun, Dövlət Turizm Agentliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə təşkil olunan düşərgənin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi, gənclər arasında təhsilin və sağlam həyat tərzinin təşviqidir.

Günün ikinci yarısında Quba Soyqırımı Memorial Kompleksinə gələn düşərgə iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi bildirib ki, 101 il əvvəl erməni millətçiləri Bakıda, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetiriblər. Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, Quba, İrəvan və digər bölgələrində kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirən düşmənin bu vandalizm əməlləri nəticəsində yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.

Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Daha sonra tarixçi gəncləri maraqlandıran suallar cavablandırılıb.

Beş gün davam edəcək düşərgənin gedişində gənclərlə azərbaycançılıq ideologiyası, tarix, incəsənət, sosial media, innovasiya və başqa mövzularda təlim və seminarlar təşkil edilir, mühazirələr dinlənilir və müzakirələr aparılır. Həmçinin iştirakçılar komanda işlərinə, əyləncəli oyunlara, düşərgənin keçirildiyi regiondakı tarixi-mədəni və təbiət ərazilərinə səfərlərə cəlb olunurlar.

Hər günün sonunda gənclər üçün estrada ulduzlarının iştirakı ilə xüsusi konsert proqramı və filmlərin nümayişi təşkil edilir.

Layihə çərçivəsində gənclər üçün kütləvi hərbi-hazırlıq təlimləri də təşkil olunacaq. Təlimdə Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə müxtəlif tipli hərbi texnika, helikopter və pilotsuz uçuş aparatlarının döyüş qabiliyyəti, praktiki uçuş imkanları nümayiş etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.