REGİONLAR


Yay aylarında Şəkiyə gələn turistlərin sayı xeyli artıb

Şəki, 9 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın qədim mədəniyyət məskənlərindən olan Şəki bu gün regionun ən önəmli turizm mərkəzi kimi tanınır. Xan Sarayı, Kiş kəndindəki qədim alban məbədi, orta əsrlərə aid karvansaraylar, tarixi-memarlıq abidələri, yerli sənətkarların əl işlərinin sərgiləndiyi “Sənətkarlar evi” turistlər üçün cəlbedici məkanlar hesab olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, builki yay mövsümündə Şəkiyə gələn yerli və xarici turistlərin sayında xeyli artım müşahidə olunur. Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisidir. 2019-cu il iyulun 7-də Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsindən sonra qoruğun ərazisini, xüsusilə Xan Sarayını ziyarət edənlərin sayı daha da artıb.

“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun direktor müavini Vasif Paşayev bildirib ki, hazırda qoruğun ərazisində dövlət qeydiyyatına alınan 83 tarixi-memarlıq, arxeoloji, park-monumental abidə, həmçinin məscidlər, tacir mülkləri, su kəmərləri, su dəyirmanları mövcuddur. Bu abidələrdən 58-i Nazirlər Kabinetinin qərarı ilə ötən il dövlət mühafizəsinə götürülüb.

Direktor müavini bildirib ki, hazırda Dövlət Turizm Agentliyinin sifarişi ilə qoruğun ərazisində bir neçə tarixi binada təmir-bərpa işləri həyata keçirilir. Bu istiqamətdə işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Vasif Paşayevin sözlərinə görə, yay aylarında qoruğun ərazisinə gələnlərin, eləcə də Xan Sarayını ziyarət edənlərin əksəriyyətini yerli turistlər təşkil edir. Əcnəbi turistlər arasında isə ərəb ölkələrindən – Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliklərindən, həmçinin Hindistandan, İsraildən, bəzi Avropa ölkələrindən gələnlər daha çoxdur.

Qoruğun rəsmisi bildirib ki, yay tətili günlərində şəhərə turist axınını nəzərə alaraq, qoruğun ərazisindəki muzeylərin, o cümlədən Xan Sarayının qapıları səhər saatlarından axşamadək qonaqların üzünə açıq olur. Turistlərə xidmət göstərmək üçün Sarayın yaxınlığında, qədim qala divarları ilə əhatələnən geniş yaşıllıq ərazidə asudə vaxt və istirahət guşəsi yaradılıb. Turistlər “Şəhər Günü” münasibətilə Qoruğun ərazisində təşkil edilən bayram tədbirində, “KOB Fest” sərgi-satış yarmarkasında, “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının davam etdiyi günlərdə şəhərdə təşkil olunan müxtəlif tədbirlərdə iştirak edib, xalqımızın qədim adət-ənənələri ilə yaxından tanış olub, sənətkarların əl işlərinə baxıb, pəhləvanların, musiqi, rəqs və folklor kollektivlərinin çıxışlarını izləyiblər.

Qoruğu ziyarət edən yerli və əcnəbi turistlərlə söhbət zamanı onlar Şəkiyə səfərlərindən məmnun qaldıqlarını vurğulayıblar.

Ucar rayonundan olan Namiq Nəbiyev yay aylarında ailəsi ilə birlikdə Azərbaycanın bölgələrinə səfər etməyi çox xoşlayır. Ailə bu dəfə tətil günlərini Şəkidə keçirməyi qərara alıb. Ucar sakini AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “İlk dəfədir Şəkidə oluruq. Şəki ölkəmizin mühüm turizm mərkəzlərindən birinə çevrilib. Azərbaycanın digər bölgələri kimi, bu şəhərdə də tarixi-mədəni irsimizin qorunmasına yüksək diqqət və qayğı göstərilir. Şəki Xan Sarayı ölkəmizin ən möhtəşəm memarlıq abidələrindəndir. Ona görə də hamıya məsləhət görürəm ki, imkan tapan kimi Şəkiyə gəlsinlər, Azərbaycan memarlığının nadir incilərindən olan bu gözəl sarayı ziyarət etsinlər”.

Zaqatala rayonunun Əliabad İslam Kollecinin tələbələri üçün təşkil olunan yay düşərgəsinin iştirakçıları da Şəki Xan Sarayı ilə tanışlıqdan məmnun qalıblar. Kollecin müəllimi Etibar Xancanov bildirib ki, Şəkiyə səfərlərində əsas məqsəd tələbələri bu qədim şəhərdəki məşhur tarixi abidələrlə tanış etməkdir.

Xan Sarayını ziyarət edən xarici turistlərin arasında İtaliyadan gəlmiş tələbə-gənclər də var. Söhbət zamanı məlum olur ki, onlar Azərbaycana ilk dəfədir səfər edirlər. Tələbə dostlar indiyədək Bakı şəhərində, Nabranda, Xınalıqda, həmçinin Quba, Qəbələ və Qax rayonlarında olublar. Şəkidən sonra daha bir neçə rayona səfər etməyi düşünürlər.

Carey Du Groy ailəsi ilə birlikdə Azərbaycana İngiltərədən gəlib. Paytaxt Bakı, eləcə də bölgələrlə tanışlıq onlarda çox zəngin təəssürat yaradıb.

Qoruğun ərazisində yerləşən “Sənətkarlar evi”ndə də yay aylarında xüsusi canlanma hiss olunur. Burada fəaliyyət göstərən sənətkarların dediyinə görə, yay mövsümündə işləri heç də pis getmir. Turistlər yerli sənətkarların əl işlərinə böyük maraq göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.