ELM VƏ TƏHSİL
Yay məktəbi fotolarda
Bakı, 17 iyun, AZƏRTAC
Mövcud vəziyyətlə əlaqədar olaraq 2020-2021-ci tədris ilinin əhəmiyyətli hissəsi distant formada təşkil edilib. Pandemiya şəraitində məsafədən təhsil şagirdlərə bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaratdı. Şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə iyunun 16-dan ümumi təhsil müəssisələrində yay məktəbinə start verilib.
AZƏRTAC Təhsil Nazirliyinə istinadən yay məktəbindən fotolar təqdim edir.
Xatırladaq ki, yay məktəbi iyunun 30-dək davam edəcək. Yay məktəbində bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edirlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil edilir. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilib.