REGİONLAR
“Yay məktəbi”ndə tələbələr üçün STEAM dərsləri təşkil edilib
Naxçıvan, 4 avqust, AZƏRTAC
Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində tələbələr üçün təşkil edilən “Yay məktəbi”nin də proqramına STEAM təhsili üzrə mövzular daxil edilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikanın Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin təşkilatçılığı ilə keçirilən “Yay məktəbi”ndə iştirak edən 46 tələbəyə Təhsil Nazirliyinin STEAM üzrə təlimçiləri tərəfindən proqrama uyğun layihə əsaslı dərslər keçilib.
Dərslərdə tələbələrə STEAM metodologiyaları, arduino və proqramlaşdırma modulu, mikrobit platforması, 3D modelləşdirmə, 3D çap, lego modellərindən robotların hazırlanması, mühəndislik dizayn həlləri və digər bu kimi istiqamətlərdə praktik biliklər verilib. Dərs zamanı təlimçi-müəllim Rəhman Səfərov STEAM layihələrinin tətbiqində əsas komponentlərdən olan arduino mikrokontrol platformasından istifadə barədə məlumat verib.
Təlimçi-müəllim daha sonra praktik olaraq tələbələrə arduino layihə dəstində analoq və rəqəmsal pinlərdən, əlaqəli sensor vasitələrindən istifadə edərək alqoritmlər quraraq müxtəlif robotlar, elektron sistemlər, avtomatlaşdırma və ağıllı sistemlər, uzaqdan idarə olunan nəqliyyat vasitələri, geyiləbilən texnologiya layihələri və digər layihələrin arduino ilə tətbiq edilə biləcəyini göstərib.
Sonda tələbələr arduino ilə hazırladıqları layihəni təqdim ediblər. “Yay məktəbi”ndə növbəti STEAM dərsləri avqustun 10-u, 17-si, 24-ü davam edəcək.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Gənclər Fondunun təşkilatçılığı ilə hər il iyul-avqust ayları tələbə və şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə “STEAM yay məktəbi”nin keçirilməsi nəzərdə tutulub. İlk olaraq Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin 60 şagirdi üçün 6-9 və 13-16 iyul tarixlərində “STEAM yay məktəbi” təşkil edilib.