REGİONLAR
“Yay məktəbi”nin budəfəki qonaqları Naxçıvan Müəllimlər İnstitutunun tələbələri olub
Şahbuz, 6 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində təşkil edilən “Yay məktəbi” davam edir. Məktəbin budəfəki qonaqları Naxçıvan Müəllimlər İnstitutunun tələbələri olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə İstirahət Mərkəzi ilə tanış olan gənclər onlar üçün ayrılmış otaqlarda yerləşdiriliblər. İlk gün tələbələr arasında stolüstü idman oyunları, “Nuh yurdu” intellektual oyunu keçirilib.
İkinci gün gənclər arasında müxtəlif idman oyunları olub, onların Ağbulaq kəndi ərazisinə gəzintisi təşkil edilib. Daha sonra tələbələr vətənpərvərlik mövzusunda filmə baxıblar. Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən konsert proqramı təşkil edilib. Axşam vaxtı isə iştirakçılar müxtəlif idman oyunlarına qatılıblar.
“Yay məktəbi”nin üçüncü günü tələbələrin Şahbuz Dövlət Təbiət Qoruğuna gəzintisi təşkil olunub. “Yay məktəbi”ndə fəal iştirak edən gənclər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanları ilə təltif ediliblər.
Qeyd edək ki, “Yay məktəbi” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, muxtar respublika Gənclər və İdman Nazirliyi, Naxçıvan Müəllimlər İnstitutu, muxtar respublikanın Həmkarlar İttifaqları Şurası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının iştirakı ilə reallaşıb. “Yay məktəbi”ndə Naxçıvan Müəllimlər İnstitutunda təhsil alan 60 tələbə iştirak edib.