REGİONLAR
Yay məktəbinin indoneziyalı iştirakçısı: Nicdəki alban kilsəsinin təmiri və mühafizəsi təqdirəlayiqdir VİDEO
Qəbələ, 21 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Mən Qəbələyə İndoneziyadan gəlmişəm. Bu, mənim Azərbaycana ikinci səfərimdir. Mən sizin ölkəyə gəlməzdən əvvəl internet vasitəsilə bəzi məlumatları oxudum. Orada Azərbaycanın odlar ölkəsi kimi təqdim edilməsi diqqətimi çəkdi. Azərbaycan barədə təəssüratlarım çox müsbətdir. Qədim Qəbələnin tarixi məkanları, gözəl təbiəti, müasir istirahət mərkəzləri məni heyran edib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələdə keçirilən “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfransda və “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı II Beynəlxalq Multikulturalizm Yay Məktəbində iştirak edən indoneziyalı gənc İmas Choirun Nisa Fujiati deyib. Yay məktəbində iştirakına görə özünü xoşbəxt sandığını, proqramın çox maraqlı olduğunu bildirən indoneziyalı gənc hər gün multikulturalizmlə bağlı tədbirlərdə bu sahədə daha da maarifləndiyini və tarixi abidələrə ekskursiya etdiklərini, turizm məkanlarında dincəldiklərini deyib.
“Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan olunması çox sevindiricidir. İndoneziyada da multikultural dəyərlər mövcuddur. Hər iki ölkənin bu sahədə oxşar cəhətləri çoxdur. Dünən biz Qəbələnin Nic qəsəbəsində qədim xalqlardan olan udilərlə tanış olduq. Orada müsəlmanlarla xristianların tolerantlıq şəraitində yaşadığını öyrəndik. Onların bir kənddə əsrlərdir ki, mehriban şəraitdə birgə yaşaması dünyaya nümunədir. Qəsəbədəki alban kilsəsinin dövlət tərəfindən təmiri və mühafizəsi təqdirəlayiqdir. Eyni zamanda, biz Nic qəsəbəsində udilərin toy mərasimində də iştirak etdik, yerli adət-ənənə ilə tanış olduq. Bu da mənim üçün çox maraqlı idi”, - deyə İmas Choirun Nisa Fujiati bildirib.