CƏMİYYƏT


Yay menyüsündə salat və tərəvəzlər üstünlük təşkil etməlidir

Bakı, 12 avqust, AZƏRTAC

Yayda düzgün qidalanmağın beş qızıl qaydası var: daha çox maye qəbul etmək, rasionun kalori miqdarını azaltmaq, daha erkən yemək, səhər-axşam mütləq qidalanmaq və daha çox vitamin qəbul etmək. İsti havalarda yağlı və xəmir xörəklər məsləhət deyil, çünki həmin xörəklər bu mövsümdə halsızlığa və yorğunluğa səbəb olur.

Həkim-diyetoloq Sevinc Həsənzadə AZƏRTAC-a açıqlamasında yayda qida rasionu ilə bağlı açıqlamasında deyib: “Meyvələrin tərkibində şəkər var və həmin şəkər istər-istəməz sonradan piyə çevrilir. Ona görə də şəkərli diabet xəstələri cəmi bir porsiya meyvədən istifadə etməlidir və bunu günün birinci yarısından qəbul etmək daha yaxşıdır. Hava isti olduğuna görə ağır yeməklərin yeyilməsi təzyiqin oynamasına da səbəb olur və onların sağlamlığına mənfi təsir göstərir. Qan dövranı və ürək-damar xəstəliyi olanlar xəmir xörəklərindən uzaq olmalıdırlar və daha çox sulu xörəklərə üstünlük verməlidirlər”.

Ət məhsulları ilə yanaşı, menyuda tərəvəzlərə də yer ayrılmalıdır. Salatlara isə mayonez əvəzinə aşağı faizli xama və qatıq əlavə edilməsi daha faydalıdır. Plov və makaron kimi məmulatlardan isə yay aylarında az istifadə etmək tövsiyə olunur.

Həkim-diyetoloq yayda balıq yeməklərindən də uzaq durmağı məsləhət görür: “Qida qəbulu zamanı zülal və karbohidratlı qidaları ayırmaq lazımdır. Əks halda həmin məhsullar orqanizmdə çox gec həzm olur və ona görə də tərkibində liflər olan göyərtilərdən istifadə etmək lazımdır. Lifli maddələr orqanizmdə ət məhsullarını yaxşı parçalayaraq həzm olunmanı sürətləndirir. Axşam yeməyi zamanı mütləq göyərtilər çoxluq təşkil etməlidir və hətta onun boşqabda çəkisini artırmaq lazımdır ki, orqanizmdəki proteinləri parçalasın”.

Soyuq doğramac və ağartı yeməkləri isti havaların əvəzolunmaz qidalarındandır. Həmin xörəklər orqanizmə sərinlik verir. Yeməklərin düzgün həzm olunması üçün yay fəslində qida rasionunu dəyişmək vacibdir. Şübhəsiz ki, yayda orqanizmdən çox su ifraz olduğuna görə təmiz su qəbulunu da artırmaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.