REGİONLAR
Yay mövsümü başlayandan “Şahdağ” Turizm Mərkəzində 10 mindən çox turist istirahət edib
Quba, 9 iyul, Elxan Yusifli, AZƏRTAC
Yay mövsümü başlayandan “Şahdağ” Turizm Mərkəzinin xidmətlərindən 10 mindən çox turist faydalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turistlər daha çox paraplanla uçuş, kanat xəttində gəzinti, kvadrasikl sürmək, uşaq macəra parkı kimi əyləncələrdən istifadə ediblər.
Əyləncə-istirahət kompleksləri arasında özünəməxsus xidmətləri ilə seçilən mərkəzdə bu yay mövsümündə də turistlər üçün fərqli istirahət, əyləncə və gözəl təbiətdən zövq almaq imkanı yaradılıb.
Mərkəzin marketinq departamentinin rəhbəri Rauf Cahangirov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yay mövsümü başlayandan kompleksin otellərində 5 mindən çox insan istirahət edib.
Yay günlərində sərin havası və füsunkar təbiəti ilə seçilən “Şahdağ” Turizm Mərkəzində turistlər üçün 20-yə yaxın müxtəlif əyləncə və idman oyunu nəzərdə tutulub. Mərkəzə gələn qonaqlara macəralar parkı, kvadrosikllər, seqvey, zip-layn, trotinnet, bob kart, dağ velosipedi, peyntbol, atla gəzinti və sair xidmətlər təklif olunur. Bu idman növlərindən istifadə etmək üçün təcrübəli təlimatçılar turistlərə kömək edirlər. Burada kiçik yaşlı uşaqların (12 yaşa qədər) nəzarət altında əylənməsi üçün xüsusi qalalar da qurulub.
Mərkəzdə, həmçinin həftəsonu musiqi sədaları altında pikniklər və digər maraqlı əyləncələrin keçirilməsi üçün əlverişli şərait yaradılıb.