CƏMİYYƏT
Yay mövsümü başlayandan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 54 nəfər günvurmadan müraciət edib
Bakı, 16 avqust, AZƏRTAC
Günvurma əsasən yay mövsümündə uzun müddət günəş altında başıaçıq vəziyyətdə qaldıqda yaranan problemdir. Günəş şüalarının təsiri nəticəsində beyində qan axını artır və nəticədə qan dövranı pozulur. Günvurmaya bütün insanlar məruz qala bilər, lakin risk qrupu əsasən 5 yaşdan kiçik uşaqlar və 65 yaşdan böyük insanlar, şəkərli diabet, arterial hipertenziya kimi xroniki xəstəliyi olan şəxslər və açıq havada günəş altında işləyənlər məruz qalır.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 54 nəfər müraciət edib. Onlardan 27 nəfəri hospitalizasiya edilib, 27 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 40-ı böyük, 14-ü uşaq olub. Hospitalizasiya edilənlərdən isə 20 nəfəri böyük, 7-si uşaq olub.
Günvurmanın əsas əlamətləri kəskin başağrısı, başgicəllənmə, halsızlıq, ümumi zəiflik, ürəkbulanma, qusma, bədən temperaturunun 40 dərəcədən çox yüksəlməsi, dərinin qızarması və quruması, ürək ritminin tezləşməsi, ağır hallarda qıcolma və huşun itirilməsi halıdır.