CƏMİYYƏT


Yaz ağacəkmə mövsümündə meşə və qeyri-meşə fondu ərazilərində 550 mindən çox ağac əkilib

Bakı, 12 aprel, AZƏRTAC

Dövlət başçısının yeni yaşıllıqların salınması ilə əlaqədar tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaz ağacəkmə mövsümündə meşə və qeyri-meşə fondu ərazilərində iqlimə və relyef şəraitinə uyğun 550 mindən çox müxtəlif cinsli ağac əkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilən həmin ağac tinglərinin əkilməsi paytaxtın Yasamal, Nərimanov, Binəqədi, Xəzər rayonlarında, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində, Şəmkir, Ağcabədi, Yevlax, və Qax rayonlarında yaşıllıqların salınması tədbirləri artıq kütləvi hal alıb və geniş yaşıllıq zolaqları salınıb. Ümid etməyə dəyər ki, bu müsbət təcrübə digər rayonlar üçün də stimul olacaq və onlar da yaşıllıq sahələri salınması və qorunması işində fəallığı artıracaqlar.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev aprelin 12-də keçirilən mətbuat konfransında deyib.

Mətbuat konfransında nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Bu yaz özün bir təbiət yarat!" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara 70 mindən çox ağac tingi paylanıldığını və bunun ölkəmizdə yaşıllıqların sayının artırılması, süni meşələrin salınması üçün yaxşı bir stimul olduğunu bildirib. Onun dediyinə görə, ilk dəfə ötən ilin payızında təşkil olunan ağacpaylama aksiyası ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb və bu, ölkəmizdə ağacəkmə tədbirlərinin geniş vüsət alaraq kütləviləşməsinə səbəb olub.

Nazir müavini Firdovsi Əliyev ölkəmizin 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi rayon icra hakimiyyətlərinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə respublika ərazisində ağacəkmə aksiyalarını davam etdirildiyini deyib. O bildirib ki, indiyədək həmin aksiya çərçivəsində respublika ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında yerli şəraitə uyğun 6 mindən çox müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac əkilib. Ağacəkmə aksiyaları ölkəmizdə yaşıllıq sahələrinin artması, onların qorunması və insanlarda təbiətə qayğı hissini gücləndirir.

Firdovsi Əliyev deyib: “Dövlət başçısının 2017-ci il 9 mart tarixli Sərəncamı ilə meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək, həmçinin sahibkarlara əlverişli şərait yaratmaq məqsədilə Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 22-ci maddəsində dəyişikliklər edilərək meşə fondu torpaqlarının icarə müddəti 10 ildən 49 ilədək artırılıb. Həmin sərəncama uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşə fondunun açıq sahələri icarəyə verilir. Bu, meşə örtüyünün artması ilə yanaşı yeni iş yerlərinin açılması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və ərzaq təhlükəsizliyi işinə xidmət edir.

Sahibkarlar, fiziki və hüquqi şəxslər görüləcək işlərin plan-layihəsini nazirliyə təqdim etməklə meşə fondunun açıq sahələrini icarəyə götürə bilər.

Hazırda respublikada meşələrin inventarizasiyası işləri aparılır ki, bunun da əsas məqsədi meşə fondunda aqrobağların salınması üçün əlverişli olan sahələrin müəyyənləşdirilməsidir. Aparılan işlərin başqa bir məqsədi isə meşə təsərrüfatı tədbirlərinin aparılması yerlərini, həmçinin su hövzələrinə yaxın texnikanın işləyə biləcəyi dağətəyi və düzən sahələri aşkar etmək, həmçinin sahibkarlar üçün əlverişli şərait yaratmaqdır.

Konfransın yekununda nazirliyin mətbuat xidmətinin rəhbəri “Təbiəti könüllü qoruyaq” könüllülər qrupu haqında məlumat verib və gəncləri ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işləri aparmağa, əmək vərdişləri aşılayan təlimlərə qoşulmağa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.