REGİONLAR
Yaz aylarında Şəkidə 388 hektar yeni fındıq bağları salınacaq
Şəki, 16 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Yaz mövsümünün gəlişi ilə əlaqədar Şəki rayonunda dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqlarda fındıq tinglərinin əkininə başlanılıb. Yaz aylarında rayon ərazisində 388 hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Torpaq mülkiyyətçiləri tərəfindən indiyədək 257 hektar sahəyə fındıq tingləri əkilib və hazırda bu iş davam etdirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə şəhər icra hakimiyyəti aparatının məsul nümayəndəsi Rafik Məmmədov məlumat verib.
Qurum rəsmisi bildirib ki, ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi Şəki rayonunun kənd təsərrüfatı üçün də prioritet istiqamətlərdən biridir. Dövlətimizin başçısının fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Şəki rayonunda yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, 2016-cı ilə kimi rayonda cəmi 979 hektar fındıq bağı mövcud idisə, 2018-ci ilin yekununda fındıq bağlarının ümumi sahəsi 2822 hektar olub. Bu il yaz mövsümündə salınacaq bağlar da nəzərə alınmaqla, aprelin sonunda fındıq bağlarının ümumi sahəsi 3210 hektara çatdırılacaq.
Qeyd edək ki, 2018-ci ildə Şəkinin fındıq bağlarından 3 min 80 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 262 ton artıb.