REGİONLAR
Yaz mövsümünün əvvəlindən Zaqatalada 115 hektarda yeni fındıq bağları salınıb
Zaqatala, 3 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Yaz mövsümünün gəlişi ilə əlaqədar Zaqatala rayonunda dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqlarda fındıq pöhrələrinin və tinglərin əkininə başlanılıb. Qısa müddətdə torpaq mülkiyyətçiləri tərəfindən 115 hektarda fındıq bağları salınıb. Ümumiyyətlə, yaz aylarında rayon ərazisində 250 hektarda yeni fındıq bağlarının salınması nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.
Qurumdan bildiriblər ki, Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər rayonda yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, təkcə 2018-ci ildə rayon ərazisində 1353,5 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 19 min 505 hektara çatdırılıb. Bu bağların 10 min 571 hektarı barverəndir. Ötən il rayonun fındıq bağlarından 15 min tondan çox məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 1600 ton artıb.
Qeyd edək ki, 2016-cı ildə ölkə üzrə 40 min hektar fındıq bağı var idisə, artıq 75 min hektara çatdırılıb və 2019-cu ildə 9 min hektar da əkiləcək. Beləliklə, 84 min hektarda fındıq yetişdiriləcək. Fındıq ixracının həcminin isə iki dəfədən çox artması planlaşdırılır.