CƏMİYYƏT


Yazgül Abdıyeva: Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi öz müsbət nəticəsini verir

Bakı, 30 iyul, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ölkəmizdə pandemiyanın ilk vaxtlarında tətbiq edilən preventiv tədbirlərdən sonra ardıcıl və məqsədyönlü işlər görülür. Epidemioloji vəziyyətdən və yoluxmanın səviyyəsindən asılı olaraq müəyyən vaxtlarda tətbiq edilən karantin rejimləri də koronavirusla mübarizədə əsas məsələlərdən biridir. Sərt karantin rejimləri zamanı toplaşma, sıx ünsiyyət və təmas hallarının azalması nəticəsində yoluxma zənciri müəyyən qədər qırılır. Təcrübə göstərir ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi öz müsbət nəticəsini verir. İyulun ortalarında Milli Orduya dəstək məqsədilə keçirilən kütləvi tədbirlər yoluxma təhlükəsi yaratsa da, son günlər yoluxanların sayı əvvəlkinə nisbətən azalmaqla yanaşı, xəstəlikdən sağalanların sayı da kifayət qədərdir. Müsbət tendensiyanın nəticəsində aktiv xəstə sayı da getdikcə azalır. Dövlətin gördüyü tədbirlər, atılan addımlar, vətəndaşların qaydalara ciddi yanaşaraq diqqətli davranması, həkimlərin fədakarlığı – bütün bunlar koronavirusla mübarizədə üstünlük əldə etməyə imkan yaradıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib: “Lakin bu, arxayınlaşmaq üçün qətiyyən əsas vermir. Biz elə bir gözə görünməyən düşmənlə üz-üzəyik ki, kiçik bir ehtiyatsızlıq, xırda bir səhlənkarlıq, qaydaların gözlənilməməsi istənilən anda, mübarizənin istənilən mərhələsində vəziyyəti mürəkkəbləşdirə bilər. Ona görə də vətəndaşlar bundan sonra da ayıq-sayıqlığı əldən verməməli, ehtiyatlı davranmağa davam etməlidirlər. Unutmayaq ki, fədakar həkimlərimiz aylardır ailələrinə həsrət qalırlar, istədikləri vaxt adi su da içə bilmirlər, gecə-gündüz işləyirlər, saatlarla xüsusi geyimdə olurlar. Yay fəslində xüsusi geyimdə onlara çətin olsa da, bütün məhrumiyyətlərə sinə gərərək yorulmadan çalışır, COVID–19-la ölüm-dirim savaşı aparırlar. Vətəndaşlar da onların bu əməyini yüksək qiymətləndirməli, bir an da olsun laqeydlik göstərməməlidirlər. İndi sanitariya maarifi işi daha da gücləndirilməlidir ki, vətəndaşlar virusun təhlükəlilik dərəcəsini başa düşüb özlərini qorumağı bacarsınlar. Təəssüf ki, bəzən virusa yoluxduğu halda onu ört-basdır edənlər və gizlədənlər də olur. Bu, qətiyyən yolverilməzdir. Yaxud yoluxmuş xəstənin özünümüalicə ilə məşğul olması, kimdənsə eşitdiyi müalicə metodlarından istifadə etməsi xəstəliyin daha da kəskinləşməsinə və ağciyərlərdə iltihabi prosesin daha da dərinləşməsinə səbəb olur. Dəfələrlə deyildiyi kimi, ilk növbədə, virusa yoluxmamaq üçün orqanizmi möhkəm saxlamaq üçün immunitet təbii yollarla gücləndirilməli, yoluxma baş verəndən sonra yubanmadan dərhal tibb müəssisəsinə müraciət edilməlidir”.

Müsahibimiz daha sonra bildirib: “Xəstəliyin spesifik müalicəsi yoxdur, ondan qorunmağın yolu yüksək immunitetə malik olmaqdan, sanitar-gigiyenik qaydalara düzgün və ciddi şəkildə riayət etməkdən keçir. Virusa yoluxmamaq üçün vətəndaşlardan cəmi üç şey tələb olunur: maska taxmaq, sosial məsafə saxlamaq və gigiyenik qaydaya əməl etmək. Qaydalara ciddi əməl edib, tədbirli olmaq lazımdır. Həkim məsləhəti olmadan evdə müalicə aparılmamalıdır. Səhv olaraq özbaşına, kortəbii antibiotik və virus əleyhinə dərmanların qəbulu qaraciyər və böyrəklərə mənfi təsir edərək immun sistemini daha da zəiflədə bilər.

Hər bir kimyəvi dərman vasitəsinin kifayət qədər yan təsirləri var. Ona görə də virusa yoluxan zaman mütləq həkimə, xəstəxanaya müraciət edilməlidir. Bu, bir faktdır ki, erkən müalicə tez sağalma deməkdir”.

Onun dediyinə görə, karantin rejiminin məhdudiyyətlərinin bir qisminin yumşaldılması, yoluxma sayının əvvəlki günlərlə müqayisədə xeyli azalması da, virusla mübarizəni səngitməməlidir: “Əldə edilən üstünlüyü qorumaq lazımdır. Erkən arxayınçılıq hər sahədə mənfi nəticələrə aparıb çıxarır. Onu da qeyd edim ki, SMS icazə sistemindən süni istifadə edən, icazə alaraq bir yerə toplaşan, ad günlərinə, yas mərasimlərinə gedənlər var. Doğrudanmı pandemiya dövründə ad günü, nişan, toy, yas mərasimlərinin təşkil edilməsinin karantin rejimi qaydalarına zidd olduğu, təhlükə mənbəyi rolu oynadığını başa düşmək bu qədər çətindir? Əgər vəziyyət, zaman bunu tələb edirsə, dözmək, gözləmək lazımdır. Atalar yaxşı deyib: çoxa meyil edən azdan da olar. İndi nə olub, hara tələsirik? Həmin məclisləri təşkil etmək və kütlənin toplaşdığı məkanlara üz tutmaq həm özünün, həm ailənin, həm də ətrafdakıların sağlamlığını təhlükə altına atmaq deməkdir. Təhlükə mənbəyi olan həmin tədbirlərdən çəkinməyin vacibliyi hər kəs üçün aydın olmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.