MƏDƏNİYYƏT
Yazıçı Əlisəfa Azayevin anadan olmasının 65 illiyi qeyd olunub
Bakı, 13 iyul, Aynur İsmayılova, AZƏRTAC
Siyəzəndə Ədliyyə Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə istedadlı yazıçı Əlisəfa Azayevin anadan olmasının 65 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər Əlisəfa Azayevin özünəməxsus yaradıcılıq axtarışlarından söz açıblar.
Bildirilib ki, Əlisəfa Azayev ədəbi yaradıcılığa ötən əsrin 70-ci illərində başlayıb. Onun “Yeddi il sonra”, “Çin qızıl gülü”, “Gözlənilməz hadisə”, “Sirli qətl”, “Amansız qatil”, “Qürbət ellərdə”, “Bayıl məhbusu”, “Sahildə qətl”, “Vahimə”, “Kürdəmir şəhidləri”, “Əsgər anası”, “Qatarda hadisə”, “İstintaq sirri” kitabları oxucular tərəfindən maraqla qarşılanıb.
Çıxış edənlər hekayə və povestlərinin çoxunun macəra-detektiv janrında yazıldığını, əsərlərində boğazdan yuxarı pafosun olmadığını, millət və Vətən sevgisinin incə sözlərlə ifadə edildiyini, konfliktlərin əsasını ağır cinayətlərin açılması və həqiqətin üzə çıxması təşkil etdiyini bildiriblər.
Tədbirdə yubilyara PEN klubun təsis etdiyi “İ.B.Qutqaşınlı” mükafatı təqdim olunub.
Sonda Əlisəfa Azayev tədbirin keçirilməsində xidməti olanlara və iştirakçılara minnətdarlığını bildirib.