MƏDƏNİYYƏT
Yazıçı ömrünün son payızı
Əməkdar jurnalist Əli İldırımoğlu vəfat edib
Bakı, 18 noyabr, AZƏRTAC
Yazıçı-publisist, “Şöhrət” ordenli, Əməkdar jurnalist Əli İldırımoğlu 93 yaşında əbədiyyətə qovuşub.
Müxbirlik fəaliyyətinə gənc yaşlarından başlayan Əli İldırımoğlu böyük həyat yolu keçib, jurnalistikamızda silinməz iz qoyub. Sadə əmək adamlarından, onların qayğı və problemlərindən bəhs edən yazıları, hekayələri, povest və romanları həmişə maraqla qarşılanıb.
Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində dünyaya göz açan Əli İldırımoğlu (Məmişov) yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət “Yazım-yazmayım”, “Mayaklar”, “Telepat”, “Çinarlı”, “Dərd”, “Silinməz izlər” kitablarının, “Həmin adam”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, “Zorən jurnalist”, habelə “Aqibət”, “Qarlı gecələr”, “Daş yağan gün” romanlarının müəllifidir.
Əli İldırımoğlunun hər cür pafosdan uzaq, sadə dili ilə seçilən əsərləri zəngin həyat təcrübəsinin, çoxillik jurnalist müşahidələrinin məhsuludur. “Kommunist” qəzetində çalışdığı illərdə gördüyü, şahidi olduğu hadisələri sonradan bədii əsərlərə çevirib. Həmin hekayə və romanların əsas qəhrəmanları Qarabağın və doğulduğu yurdun adamlarıdır.
Qırx il mətbuatda çalışdıqdan sonra 80-ci illərdən etibarən mütəmadi olaraq bədii əsərlər yazmağa başlayan Əli İldırımoğlu Azərbaycan ədəbiyyatında öz dəst-xətti olan yazıçılardandır. Əksəriyyəti bioqrafik xarakter daşıyan romanlarında Azərbaycan həyatının elə detalları, mənəviyyatın elə məqamları əksini tapır ki, onu hər kəs müşahidə edə bilməz.
Təəssüf ki, çox sevdiyi və bədii əsərlərində böyük məhəbbətlə vəsf etdiyi Qubadlı torpağına qovuşmaq, illərdən bəri həsrətini çəkdiyi doğma ocağın havasını udmaq ona nəsib olmasa da, dünyadan nisgilli getmədi. Bu gün onun ruhu həm də ona görə şaddır ki, uzun illərdən sonra doğma Qubadlının işğaldan azad edilməsi xəbərini eşitdi.
AZƏRTAC-ın kollektivi Əli İldırımoğlunun vəfatından kədərlənir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.