MƏDƏNİYYƏT


Yazıçı-publisist Sevinc Ədalətqızı: Əhməd Cavadın şeirləri bizə Vətəni sevməyi öyrətdi

Bakı, 29 iyun, Zərəngiz Mansurova, AZƏRTAC

İyunun 29-da Beynəlxalq Mətbuat Mərkəzində yazıçı-publisist Sevinc Ədalətqızının “İstiqlal abidəsi Əhməd Cavad”, “Fırtınalı ömür”, “Cavad və Şükriyyə dastanı”, “Əhməd Cavad haqqında xatirələr”, Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə həsr etdiyi “İstiqlal eşqiylə yanan ürəklər” kitablarının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda Atatürk Mərkəzinin elmi-araşdırmalar bölməsinin redaktoru, filoloq Zülfiyyə Mehdiyeva çıxış edərək kitablarda Əhməd Cavadın keşməkeşli yaradıcılığı haqqında ayrı-ayrı müəlliflərin məqalələrinin, ona ithaf edilmiş şeirlərin, şairin doğmalarının xatirələrinin yer aldığını bildirib.

Əməkdar İncəsənət Xadimi Məhərrəm Bədirzadə, şairlər Sabir Əfəndiyev, Nazim Əhmədli, Zərəngiz Qayalı, Aida Şirin, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova və başqaları təqdimatı keçirilən kitabların yetişməkdə olan nəslin maariflənməsində və tarixi həqiqətlərin öyrənilməsində əhəmiyyətini vurğulayıblar. İstiqlal şairinin ömür yolunun mürəkkəb bir dövrə düşdüyünü qeyd ediblər.

Yazıçı-publisist Sevinc Ədalətqızı 2008-ci ildən Əhməd Cavad yaradıcılığını araşdırmağa başladığını və hər dəfə də şairin əsərlərində ibrətamiz həqiqət, Vətənə sonsuz sevgi ilə rastlaşdığını deyib: “Əhməd Cavad əzəldən canını qurban dediyi Azərbaycan torpağı uğrunda, üçrəngli bayrağı yenidən yüksəklərə qaldırmaq naminə özünü və ailəsini fəda etdi. O, 45 illik ömrünü təmiz vicdanla yaşayıb, haqq işi uğrunda şərəfli ölümü hər şeydən üstün tutub. Əhməd Cavadın şeirləri bizə Vətəni sevməyi, ona layiqli övlad olmağı, bayrağını uca tutmağı, lazım gələrsə bu yolda candan keçməyi öyrətdi”.

Tədbirdə Azərbaycanın dövlət himni (sözləri: Əhməd Cavad) səsləndirilib, şairin şeirləri oxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.