MƏDƏNİYYƏT


Yazıçılar Birliyində mühacir publisist Hüseyn Baykaranın kitablarının təqdimatı keçirilib

Bakı, 9 dekabr, Salihə Əliyeva, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda milli azadlıq hərəkatının nəzəriyyəçisi, tarixçi, publisist və şair Hüseyn Baykaranın türk dilindən Azərbaycan və rus dillərinə tərcümə edilmiş üç kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Yazıçılar Birliyi nəzdində “Luç” Ədəbi Yaradıcılıq Assosiasiyası tərəfindən təşkil edilib. Qeyd olunub ki, “Şuşa İli” tədbirləri çərçivəsində keçirilən təqdimat mərasimi Azərbaycan mühacirətinin görkəmli nümayəndəsi Hüseyn Baykaranın ideoloji mübarizəsinə həsr edilib. “Luç” Ədəbi Yaradıcılıq Assosiasiyasının sədri professor Tofiq Məlikli Azərbaycan milli azadlıq hərəkatının görkəmli nümayəndəsi, alim, publisist, tarix, ədəbiyyat, mədəniyyət, erməni və bolşevik təcavüzü mövzusunda çoxsaylı məqalələrin, Azərbaycan azadlıq mübarizəsinin tarixinə, İranda inqilaba dair bir neçə kitabın müəllifi Hüseyn Baykaranın həyat və yaradıcılığı barədə məlumat verib.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar vurğulayıb ki, həyatını Azərbaycanın azadlıq mübarizəsinin və müstəqilliyinin tarixinə həsr etmiş hər kəsin bu işə töhfəsinin öyrənilməsi həm bizim üçün, həm də gələcək nəsillər üçün çox vacibdir.

Qeyd etmək lazımdır ki, Hüseyn Baykaranın kitablarının Azərbaycan və rus dillərinə tərcüməsi onun yaxın qohumu, Bakı Dövlət Universitetinin dosenti Azelma Həsənovanın səyləri sayəsində reallaşıb. Təqdimat mərasimində çıxış edən A.Həsənova öz adlı-sanlı qohumunun tərcümeyi-halı barədə söhbət açıb.

Qara Hüseynbəyli (Hüseyn Baykaranın əsl adı və soyadı belə idi, lakin sonradan onun ailəsi bu soyadı bir neçə dəfə dəyişməli olub) 1904-cü ildə Şuşada Şirinbəyovlar nəslindən olan bir ailədə doğulub.

Onun ulu babası Şirinbəy Ənnağıoğlu Qarabağ xanlığının paytaxtı Şuşa şəhərinin təməlini qoyanlardan biri olub. 1830-cu ilə aid Rusiya mənbələrində göstərilir ki, Şuşada 56 bəy ailəsi yaşayırmış. Şirinbəyovlar və ya Şirinbəylilər nəsli həmin ailələrdən biri olub.

Hüseyn Baykara Azərbaycanın azad hərəkatı haqqında bir neçə elmi əsərin müəllifidir: “XIX əsrdə Azərbaycanda reformizm hərəkatı” (1966-cı ildə türk mədəniyyət araşdırmaları institutu tərəfindən nəşr edilib), “İran inqilabı və azadlıq hərəkatı” və “Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin tarixi” (1975-ci ildə İstanbulda nəşr edilib).

XX əsrin əvvəlində Azərbaycan ziyalılarının bir sıra başqa nümayəndələri kimi Hüseyn Baykara da mühacirət etməyə məcbur olub. Onun adı uzun illər boyu ədalətsizliklə unudulub.

Hüseyn Baykara bolşevizmə qarşı ideoloji mübarizəni heç vaxt dayandırmayıb. Sovet imperiyasının sarsılmaz hesab edildiyinə baxmayaraq, Hüseyn Baykara böyük uzaqgörənliklə inanırdı ki, vaxt gələcək, Azərbaycan yenidən azad olacaq.

Hüseyn Baykaradan miras qalmış kitablarda müəllif imkan daxilində müstəqillik uğrunda mübarizənin tam mənzərəsini yaradıb, ölkədə iqtisadi və siyasi vəziyyəti təhlil edib. Bütün bu işləri görərkən o, xaricə yaşayırdı və zəruri materiallar əlçatan deyildi. Bununla belə o, öz fikrini əsaslandırıb ki, Azərbaycan müstəqil dövlət kimi mövcud olmaq iqtidarındadır. Bundan ötrü Azərbaycanın iqtisadi imkanları, savadlı, yetkin siyasətçiləri, yüksək mədəniyyəti və resursları vardı.

“Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin tarixi” əsərində Hüseyn Baykara Azərbaycanın ən yeni tarixi, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qısa müddətdə görülmüş işlər, ölkənin üzləşdiyi fəlakətlər haqqında maraqlı söhbət aça bilib. Müəllif Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsini fürsətdən istifadə edən ermənilərin törətdiyi vəhşilikləri, qardaş Türkiyənin hərbi köməyini və digər hadisələri tarixi faktlar əsasında işıqlandırıb.

Hüseyn Baykara yazır ki, onun “Azərbaycan mədəniyyətinin tarixi” və “Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin tarixi” kitabları Azərbaycanın azadlıq mübarizəsinin əlifbasıdır.

Hüseyn Baykaranın təqdim edilən kitablarını İndi tərcüməçilər – professor D.Yusifli və V.Rzayevanın (Azərbaycan dilinə), filologiya üzrə fəlsəfə doktoru S.Əliyevanın (rus dilinə) sayəsində bizim oxucular üçün əlçatandır.

Ömrünün sonuna qədər Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış Hüseyn Baykara Vətənə qayıtmaq arzusu ilə yaşayırdı. Lakin bütün həyatı boyu səbirsizliklə gözlədiyi Azərbaycanın müstəqilliyi gününü görmək ona nəsib olmadı. O, 1984-cü ildə İstanbulda dünyasını dəyişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.