İQTİSADİYYAT


Yeddi ayda 3445 ailə ipoteka krediti hesabına mənzil şəraitini yaxşılaşdırıb

Yeddi ayda 3445 ailə ipoteka krediti hesabına mənzil şəraitini yaxşılaşdırıb

Bakı, 13 avqust, AZƏRTAC

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2021-ci ildə də ölkədə əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirib.

İKZF-dən AZƏRTAC-a bildirilib ki, fondun xətti ilə cari ilin yanvar-iyul aylarında müvəkkil banklar tərəfindən 3445 ailəyə 230,5 milyon manat məbləğində ipoteka krediti verilib. Kreditlərin 153,6 milyon manatı adi ipoteka kreditlərinin (2040 ədəd), 76,8 milyon manatı isə güzəştli ipoteka kreditlərinin (1405 ədəd) payına düşüb. Ümumilikdə, 2006-cı ildən bu günədək fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 882 milyon manatdan çox, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 35 min 112 nəfər olub. Bu kreditlərin 625 milyon manatdan çox hissəsini (12 min 150 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edir. Borcalanların iş yerlərinə görə pay bölgüsünə əsasən, onların 50 faizədək hissəsini özəl sektorda çalışanlar təşkil edib. İpoteka kreditlərindən faydalananların 70 faizə yaxını gənclər və gənc ailələrdir. Ötən müddət ərzində ipoteka kreditləşməsi hesabına alınan yaşayış sahələrinin orta qiyməti 81,1 min manat, orta kredit məbləği 55,9 min manat, orta illik faiz dərəcəsi isə 6,3 faiz təşkil edib. MDB ölkələri ilə müqayisədə Azərbaycanda vətəndaşlar üçün ən əlverişli ipoteka krediti şərtləri tətbiq olunur. Müqayisə üçün Rusiyada ipoteka kreditləri üzrə minimal faiz dərəcəsi 6,1 faiz, orta faiz 7,4 faiz təşkil edir, Qazaxıstanda isə faiz dərəcələri 13 faizdən başlayır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.