İQTİSADİYYAT
Yeddi ayda Azərbaycan 9,1 milyard dollarlıq məhsul ixrac edib
Bakı, 31 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ixracı 9,1 milyard ABŞ dolları olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin( İİTKM) “İxrac İcmalı”nın 2020-ci ilin avqust sayına istinadla xəbər verir ki, qeyri-neft sektoru üzrə isə 1 milyard 35 milyon dollar dəyərində ixrac reallaşdırılıb. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 faiz azalıb.
Cari ilin yanvar-iyul ayları ərzində Rusiyaya 418,6 milyon, Türkiyəyə 205 milyon, İsveçrəyə 107,6 milyon, Gürcüstana 84,2 milyon və Çinə 31,7 milyon dollar dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac olunub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk 7 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 5,7 faiz, İsveçrəyə 21,9 faiz və Çinə 60,9 faiz artıb.
Yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (166,5 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 96,5 milyon dollar) ikinci və pambıq mahlıcı (70,6 milyon dollar) üçüncü olub.
Ümumiyyətlə, bu ilin ilk 7 ayı ərzində meyvə-tərəvəz ixracı 359,6 milyon, pambıq lifi ixracı 71,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 51,3 milyon, kimya sənayesi məhsullarının ixracı 46,5 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 27,4 milyon, pambıq ipliyi ixracı 10,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 7,3 milyon, şəkər ixracı 9,3 milyon, bitki və heyvan mənşəli piylər və yağların ixracı 13,7 milyon, çay ixracı 5,5 milyon dollar təşkil edib.