İQTİSADİYYAT


Yeddi ayda ölkədə elektrik enerjisi istehsalı 2,6 faiz artıb

Bakı, 16 avqust, AZƏRTAC

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-iyul aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 420 milyon kilovat-saat, yəni 2,6 faiz artaraq 16 milyard 278,1 milyon kilovat-saat təşkil edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı istilik elektrik stansiyalarında (İES) 125,1 milyon kilovat-saat artaraq 14 milyard 893 milyon kilovat-saat, su elektrik stansiyalarında (SES) 286,5 milyon kilovat-saat artaraq 1 milyard 163,9 milyon kilovat-saat, digər mənbələr (külək elektrik stansiyaları (KES), günəş elektrik stansiyaları (GES) və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu (BMTYZ)) üzrə isə 8,4 milyon kilovat-saat artaraq 221,2 milyon kilovat-saat olub.

KES-də 54 milyon kilovat-saat, GES-də 37,5 milyon kilovat-saat, BMTYZ-da isə 129,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Yeddi ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14 milyard 653,6 milyon kilovat-saat (İES-lərdə 13 milyard 578 milyon kilovat-saat, SES-lərdə 1 milyard 75,6 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 268,8 milyon kilovat-saat (İES-lərdə 156,5 milyon kilovat-saat, SES-lərdə 77,8 milyon kilovat-saat, GES-də 34,5 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 39,06 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə 1 milyard 316,64 milyon kilovat-saat olub.

Cari ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinin ixracı 1 milyard 37,7 milyon kilovat-saat, idxalı isə 83,5 milyon kilovat-saat təşkil edib.

İyulda Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2 milyard 751,3 milyon kilovat-saat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 110,7 milyon kilovat-saat, yaxud 4,2 faiz artması deməkdir.

İyulda elektrik enerjisinin idxalı 12,4 milyon kilovat-saat olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 milyon kilovat-saat, ixrac isə 374,2 milyon kilovat-saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 221,5 milyon kilovat-saat artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.