İQTİSADİYYAT
Yeddi ayda ümumi sərmayənin 72,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib
Bakı, 14 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 728,8 milyon manat və ya əvvəlki ilin eyni ayları ilə müqayisədə 0,3 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ümumi sərmayənin 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 79,2 faizi məhsul istehsalı obyektlərinin, 15,6 faizi xidmət sahələri üzrə obyektlərin, 5,2 faizi isə ümumi sahəsi 973,7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39,5 faizini təşkil edib.
Həmin dövr ərzində Naxçıvan Muxtar Respublikasında 2136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Bakı şəhərində Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, “Pirallahı” Günəş Elektrik Stansiyası, Yevlax şəhərində Varvara balıqartırma və balıqyetişdirmə zavodu, Saatlı rayonunda 110/35/10 kilovoltluq “Sarıcalar” elektrik yarımstansiyası və sair obyektlər istifadəyə verilib.