MƏDƏNİYYƏT
“Yeddi not ekologiyası” proqramı ilə Bakıya qonaq gələn pianoçu-bəstəkar Senya Sonun mətbuat konfransı olub
Bakı, 7 dekabr, AZƏRTAC
Yeddi rəqəmin özündə qəribə bir sehr var: həftənin yeddi günü, göyün yeddi qatı, yeddi rəng və yeddi rəngin yeddi çaları... Musiqi də yeddi notdan ibarətdir. Ona görə biz bu konsertin adı barədə düşünəndə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda işləyən yaxın dostum Ruslan Əliyev əvvəlcə “Yeddi not işığı” adını təklif etdi. Sonra xeyli götür-qoy edib müasir dövrdə bəşəriyyətin ekologiyanın qorunması uğrunda apardığı mübarizəni nəzərə alaraq “Yeni not ekologiyası” adını verdik, çünki musiqi də ruhun ekologiyasına aparan bir yoldur...
AZƏRTAC xəbər verir ki, pianoçu-bəstəkar, Pablo Kazals adına Barselona Musiqi Akademiyasının professoru Senya Son jurnalistlər üçün keçirdiyi mətbuat konfransında dekabrın 7-də Beynəlxalq Muğam Mərkəzində verəcəyi konsert barəsində danışarkən deyib.
Dünyanın 17 eksklüziv pianoçusu siyahısında yer alan musiqiçi Bakıya səfəri zamanı Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarını ziyarət etməyi, həmçinin istedadlarına çox hörmət bəslədiyi görkəmli musiqiçilər Müslüm Maqomayevin və Rəşid Behbudovun məzarı üstünə gül dəstəsi qoymağı özünə borc hesab etdiyini deyib.
Yaratmaq üçün düşünmək lazım olduğunu söyləyən pianoçu-bəstəkar deyib: “Nə yazırsan yaz - fərqi yoxdur, istər rok, istər pop, istərsə də muğam olsun - əsas odur ki, həmin musiqi qəlbə toxunsun, ruha xoş duyğular bəxş etsin”.
O, istedadına çox yüksək dəyər verdiyi Fərhad Bədəlbəyli ilə görüşü barədə də danışıb. Musiqinin dilinin bəşəri olduğunu söyləyən Senya Son Bakıda onunla görüşə gedərkən eşitdiyi bir musiqidən təsirləndiyini deyib: “Mahnının sözlərini başa düşməsəm də, onun sevənlərin ayrılığı haqqında olduğunu söylədim. Bunu haradan bildiyimi soruşanlara çox sadə cavab verdim: Belə musiqi yalnız sevənlərin ayrılığı haqqında ola bilər. Bunu musiqinin özü deyir...”.
İndiyədək bir dəfə də olsun hökumət mükafatlarına layiq görülməyən məşhur musiqiçi dünyanın ən böyük mükafatının valideynlərimizin bizə bəxş etdiyi həyat olduğunu bildirib. Müasir dövrün böyük bəstəkarı Alemdar Karamanovun yeganə tələbəsi olan Senya Son Baxın, Bethovenin, Çaykovskinin, Dvorjakın, Dobüssinin artıq məşhur əsərlərinin harmonik dilinə özünün heyranedici tapıntılarını əlavə edir. Klassik musiqi onun üçün hər zaman əbədi və tükənməz mənbə olduğunu diqqətə çatdırıb.
Bakıdakı konsert proqramında L.Bethoven, F.Şopen və A.Skryabinin əsərləri ilə yanaşı, “Dahi pianoçu Vaqif Mustafazadənin xatirəsinə” həsr etdiyi musiqini də ifa edəcək. O, bu gün verəcəyi konsertdə başlıca məqsədinin həm özünə, həm də tamaşaçılara zövq bəxş etmək olduğunu söyləyib.