MƏDƏNİYYƏT
“Yeddi” sənədli pyesinin təqdimatı olub
Bakı, 20 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
İyunun 20-də “YARAT” Müasir İncəsənət Məkanında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Avrasiya Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı ilə “Yeddi” sənədli pyesinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Avrasiya Əməkdaşlıq Fondunun birgə əməkdaşlığı, İsveç İnstitutunun və İsveçin Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirdə çıxış edərək bildirib ki, gender bərabərliyini və qadın hüquqlarının müdafiəsini təbliğ edən “Yeddi nəfər səfərdə” adlı beynəlxalq kampaniyanın tərkib hissəsi olan “Yeddi” sənədli pyesinin Bakıda təqdimatının keçirilməsi önəmli hadisədir. Pyesdə hər bir qadın bir ölkənin nümayəndəsidir. Dünyada hər ölkədə qadınların hüquqlarının qorunması üçün qanunvericilik bazası var, lakin bu qanunlarda boşluqlar var.
Hicran Hüseynova rəhbərlik etdiyi komitənin bu problemlərin həlli istiqamətində gördüyü işləri qeyd edib. “Biz qadınların hüquqlarının qorunması istiqamətində çox çalışırıq. Sevindirici haldır ki, Azərbaycanda qadın siyasəti çox güclüdür, bütün imkanlardan geniş istifadə olunur. Bu pyes dünyaya bir mesajdır ki, biz bir yerdə çalışıb qarşıda duran problemlərin birgə həlli yollarını tapmalıyıq”, - deyə AQUPDK sədri deyib.
Gender bərabərliyinin qorunması üçün ölkəmizdə bir sıra mühüm tədbirlərin keçirildiyini vurğulayan Hicran Hüseynova bir çox problemlərin artıq həllini tapdığını qeyd edib. O, belə tədbirlərin keçirilməsində göstərilən dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.
İsveçin ölkəmizdəki səfiri xanım İnqrid Tersman deyib ki, “Yeddi” sənədli pyesi 2009-cu ildən bu günədək 20 dilə tərcümə olunub və 23 ölkədə 25 mindən çox insan tərəfindən izlənilib. Qadın parlamentarilərin və siyasətçilərin səsləndirdikləri pyesin tamaşaya qoyulmasında başlıca məqsəd qadın hüquq və azadlıqları kimi aktual bir mövzunun gündəmə gətirilməsi, bu barədə məlumatlılığın artırılması və ictimaiyyətin diqqətinin bu proseslərə cəlb edilməsi, habelə qadınların cəmiyyətdəki rolunun artırılmasına dair müzakirələrin stimullaşdırılmasıdır.
Pyes barədə məlumat verən səfir deyib ki, amerikalı qadınlar tərəfindən yazılmış “Yeddi” sənədli pyesi müxtəlif ölkələrdən olan yeddi qadının müsahibəsi əsasında yazılıb. Hər bir qadının danışdığı hadisə dünyada gender ədalətsizliyinə və qadınlara qarşı zorakılığa son qoymaq üçün bir çağırışdır. Pyesin müəllifləri Paula Kizmar, Ketrin Fillov, Qeyl Kriger, Kerol K.Mak, Rut Marqraf, Anna Deaver və Suzan Yankoviçdir. Tamaşanın quruluşçu rejissoru xanım Hedda Krauz Şöqren “Yeddi” sənədli pyesini daha geniş auditoriyaya təqdim etmək üçün hökumət və qeyri-hökumət təşkilatlarını cəlb edir.
Layihənin prodüseri, İsveç İnstitutunun nümayəndəsi Anders Öhrn bildirib ki, “Yeddi” sənədli pyesi hər dövrün, eləcə də, günümüzün ən aktual mövzularından biri olan qadın hüquq və azadlıqları ilə bağlı qlobal çağırışların edilməsi üçün unikal və effektiv vasitədir.
Sonra “Yeddi” sənədli pyesi çərçivəsində dünyanın müxtəlif ölkələrindən yeddi fəal qadının həyat hekayəsi Azərbaycanın tanınmış ictimai, mədəniyyət xadimləri tərəfindən səsləndirilib.