MƏDƏNİYYƏT
Yeddi tarixi-memarlıq, mədəniyyət qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycanda yeddi Dövlət Tarix-Memarlıq və Tarix-Mədəniyyət qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.
AZƏRTAC xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda əksini tapıb.
Qərara əsasən, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla) və “Kiş” Tarix-Memarlıq qoruqları Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına daxil edilib.
“Şahdağ” Qış-Yay Turizm Kompleksi və Milli Kulinariya Mərkəzi də Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında yer alıb.