CƏMİYYƏT
Yeddi tondan artıq çətənə kolu məhv edilib
Bakı, 19 iyun, AZƏRTAC
Polis əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Daşaltı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,6 tondan artıq olan 2437 çətənə kolu aşkarlanaraq məhv edilib.
Qubadlı Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əliquluuşağı kəndi ərazisində yabanı halda bitmiş 2,9 tondan artıq çəkidə 5630 çətənə kolu aşkarlanaraq götürülüb.
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Yevlax stansiyası Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonunun Uzuntala kənd ərazisində dəmir yolunun kənarında yabanı halda bitmiş çəkisi 3780 çətənə kolu (3,2 ton) aşkarlanaraq məhv edilib.