İDMAN


Yeddi yaşlı karateçi Mədinə Kazımova dünya kuboku yarışının qalibi olub

Bakı, 7 dekabr, AZƏRTAC

Bakıda keçirilən budo üzrə açıq dünya kuboku yarışlarında fərqlənən istedadlı idmançılardan biri də “Qaraqaplan” klubunun yetirməsi, 7 yaşlı Mədinə Kazımova olub. Balaca Mədinə karatenin WKF versiyası üzrə mübarizədə turnirin qalibi adını qazanıb.

AZƏRTAC-ın əməkdaşı ilə söhbətində Mədinə idmanın bu növünün sirlərini səkkiz ay əvvəl məşqçisi Əli Rəcəbovdan öyrənməyə başladığını bildirib. Bakı turnirinin onun ilk beynəlxalq sınağı olduğunu deyən azyaşlı idmançı bundan əvvəl paytaxt çempionatında medal qazandığını qeyd edib: “Cari ildə paytaxt yarışının qızıl medalına yiyələnmişəm. Lakin buna qane olmadım. Daim öz üzərimdə çalışaraq nəticəmi daha da yaxşılaşdırmaq istəyirəm”.

Dördüncü İslam Həmrəyliyi Oyunlarının qalibi karateçimiz Fəridə Abiyevanın azarkeşi olduğunu bildirən balaca Mədinə deyib: “Ən böyük arzum gələcəkdə milli komandanın heyətində irimiqyaslı yarışlarda çıxış etməkdir. Möhtəşəm idman arenalarında öz gücümü nümayiş etdirib üçrəngli bayrağımızı dalğalandırmağı arzulayıram. Mənə göstərdiyi etimada görə məşqçimə təşəkkürümü bildirirəm. Bundan sonra daha əzmlə çalışıb mənə dəstək olanların ümidlərini doğrultmağa çalışacağam. Qazandığım qələbəmi isə valideynlərimə həsr edirəm”.

Balaca karateçi növbəti yarışlara ciddi hazırlaşdığını vurğulayıb: “Gələn ilin yanvarında Bakıda “Arpaçay” klubunun təşkilatçılığı ilə şəhidlərin xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək. Hazırda 25 kiloqram çəki dərəcəsində mübarizə aparıram. Öz üzərimdə çalışıram və məşqçimdən yeni fəndləri öyrənirəm. Ümid edirəm ki, açıq kubok yarışlarındakı uğurumu təkrarlayıb növbəti turnirlərdə də mükafatçılar sırasında yer alacağam. Hamı kimi mənim də arzum yeniyetmələrin Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etməkdir”.

Mədinə Kazımova müxtəlif yarışlarda, ümumilikdə 10 medal qazanıb. Onlardan 7-si qızıl, 2-si gümüş, 1-i isə bürünc medaldır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.