REGİONLAR


Yeddi yüz bal toplayan Kənan Məhəmmədli: Bundan sonra öz ölkəmə töhfə vermək haqqında düşünəcəyəm VİDEO

Goranboy, 21 iyul, Rauf Hacıyev, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında 700 bal, yəni maksimum nəticə göstərən abituriyentlərdən biri də Goranboy rayon Səfikürd kənd tam orta məktəbinin məzunu Kənan Məhəmmədlidir.

DİM tərəfindən mayın 20-də keçirilmiş birinci imtahanda 685 bal toplamış Kənan Məhəmmədli bir neçə gün bundan əvvəl təşkil edilmiş ikinci imtahanda 700 bal toplayıb. Bu göstəricisi ilə Kənan Məhəmmədli həm ali məktəblər üçün keçirilmiş qəbul imtahanlarında iştirak etmiş 70 min tələbə içərisində maksimum nəticə göstərən 15 abituriyentdən biri olmağı bacarıb, həm də Goranboy rayonundan 700 bal toplayan ilk abituriyent olub.

AZƏRTAC-ın bölgə müxbiri övladlarının qazandığı böyük uğurun sevincini yaşayan Məhəmmədlilər ailəsinin qonağı olub, onların təəssüratlarını öyrənib.

Kənan Məhəmmədlinin anası Mahirə Rüstəmova deyir ki, övladları həmişə elmə, təhsilə həvəsli olub və məktəbi əla qiymətlərlə oxuyub. Oğullarının təhsilə marağını hiss edən valideynlər övladlarının yaxşı təhsil alması üçün ona həmişə mənəvi dəstək olublar.

Anası deyir ki, Kənan 9-11-ci sinifdə oxuduğu dövrdə daha çox zəhmət çəkib. O, bir məktəbli və gənc kimi bütün sosial şəbəkələrdən və əyləncələrdən uzaq olub. Vaxtının böyük hissəsini dərslərini oxumağa, bildiyi dərsləri təkrarlamağa, yaxud müəllimlərinin tapşırıqlarını yerinə yetirməyə ayırıb. Valideynləri Kənanı digər bir ixtisas qrupuna yönləndirmək istəsələr də, xasiyyət etibarı ilə qətiyyətli və məqsədyönlü olan övladları birinci ixtisas qrupunu seçib və sonadək yüksək balla ali məktəbə daxil olmaq üçün səylə çalışıb.

Səfikürd tam orta məktəbinin direktoru Elnur Qasımov məzunlarının yüksək nəticə göstərməsini kəndin ənənələri və kənd məktəbində işləyən yüksək savadlı, peşəkar pedaqoqların olması ilə izah edir. Amma məktəb direktoru bu cür nailiyyətin əldə edilməsində Kənan Məhəmmədlinin daha çox çalışqanlığını və tələbə adını qazanmaq üçün böyük səylə çalışdığını vurğulayır.

Öz ailəsinə, doğulub boya-başa çatdığı kəndinə və rayonuna böyük sevinc bəxş etdiyinə görə Kənan Məhəmmədli xoşbəxt olduğunu və qürur hissi keçirdiyini deyir. Kənan bütün uğurlarına görə ona mənəvi dəstək olan valideynlərinə və elmin, təhsilin sirlərini öyrədən müəllimlərinə minnətdarlığını bildirir. Həmçinin nailiyyətinin rayon gəncləri tərəfindən bundan sonra da davam etdirilməsini arzu edir.

“Vaxtilə atam indiki Azərbaycan Dövlət Aqrar Universitetini fərqlənmə diplomu ilə bitirib. Hazırda məndən böyük olan qardaşım da həmin universitetin tələbəsidir. Mən də tələbə olmaq istəyirdim. Hələ 9-cu sinifdə oxuyanda ilk dəfə sınaq imtahanlarında iştirak etdikdən sonra yəqin etdim ki, mən qəbul imtahanında yüksək bal, bəlkə də, 700 bal toplaya bilərəm. Məktəbdə həmişə əla qiymətlərlə oxumuşam. Son iki ildə isə daha səylə çalışdım ki, ali məktəbə keçirilən qəbul imtahanlarında maksimum nəticə göstərməyi bacarım. Dərslərimə hazırlaşdıqca, sınaq imtahanlarında iştirak etdikcə özümə inamım daha da artdı. Birinci dəfə keçirilmiş imtahanda 685 bal nəticə əldə etdim. Nəhayət, ikinci dəfə keçirilmiş imtahanda 700 bal, yəni maksimum nəticə əldə etdim”, – deyə K.Məhəmmədli qeyd edib.

Kənan Məhəmmədli deyir ki, ən böyük arzusu Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması ixtisasına daxil olmaqdır. Magistr təhsilini isə gələcəkdə Avropanın, yaxud ABŞ-ın qabaqcıl universitetlərindən birində davam etdirmək istəyir. Kənan Məhəmmədli əmindir ki, hansı ölkədə təhsil almasından, yaxud karyerasını qurmasından asılı olmayaraq, bundan sonra öz ölkəsinə töhfə vermək haqqında düşünəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.