CƏMİYYƏT


Yeddi yüzə yaxın balıq körpəsi Qızılağac Milli Parkının ərazisində suya buraxılıb

Bakı, 23 may, Göyçək Mahmudlu, AZƏRTAC

Malayziyanın ölkəmizdəki səfirliyi və Malayziya Texniki Əməkdaşlıq Proqramının (MTƏP) məzun klubunun birgə təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə mayın 22-də Qızılağac Milli Parkında “Daha parlaq gələcək üçün əl-ələ” proqramı təşkil edilib. Proqram, həmçinin mayın 22-də qeyd edilən Beynəlxalq Bioloji Müxtəliflik Günü ilə əlaqədar olaraq “Bütün canlılar üçün ortaq gələcək qurmaq” şüarı ilə keçirilib.

AZƏRTAC xəbər verir ki, proqram zamanı Malayziya ilə Azərbaycan arasında münasibətlərə rəmzi töhfə vermək üçün milli parkın ərazisində müvafiq olaraq 700-ə yaxın balıq körpəsi suya buraxılıb.

Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Ceyhun Paşayev bildirib ki, 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən 22 may Bioloji müxtəliflik üzrə Konvensiyası qəbul olunub və həmin gün Beynəlxalq Bioloji Müxtəliflik Günü elan edilib. Bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir. 1992-ci ildə Keniyanın paytaxtı Nayrobidə əsası qoyulan Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan 2000-ci ildə qoşulub. Konvensiya dünya miqyasında planetin bioloji irsinin mühafizəsi məqsədilə yaradılıb.

Konvensiyanın təməl prinsiplərinə uyğun olaraq respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcud şəbəkəsi genişləndirilib, yeni milli parklar, dövlət təbiət qoruqları yaradılıb, həmin ərazilərdə mühafizə rejiminin gücləndirilməsi, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb.

O, belə əhəmiyyətli bir günə balıq körpələrinin suya buraxılması ilə töhfə verilməsinin təqdirəlayiq hal olduğunu deyib.

Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazlan Bin Yusof MTƏP-in bir hissəsi kimi “Daha parlaq gələcək üçün əl-ələ” proqramının insanlar arasında daha çox əlaqəni təşviq etmək, o cümlədən iki ölkə arasında davamlı dostluq və yoldaşlığı qeyd etmək məqsədi daşıdığını bildirib. Onun sözlərinə görə, dostluq və birlik vasitəsilə insanlar arasında daha çox anlayışlılığa və mədəni dəyərlərin daha yaxşı qiymətləndirilməsinə nail olmaq olar.

Səfir proqram haqqında məlumat verərək deyib: “1980-ci ildə yaradılmış MTƏP Malayziyanın inkişaf təcrübəsini və biliyini digər inkişaf etməkdə olan ölkələrlə bölüşmək yolu ilə Malayziyanın cənub əməkdaşlığına sadiqliyini əks etdirir. Yarandığı gündən bəri 144 ölkədən 34 mindən çox iştirakçı təklif olunan müxtəlif proqramlardan faydalanıb. Bu günə kimi Azərbaycandan 172 MTƏP məzunu var. Malayziya MTƏP proqramlarında iştirak etmək üçün Azərbaycandan daha çox dövlət qulluqçusunu qəbul etmək niyyətindədir. Ümid edirik ki, MTƏP-in azərbaycanlı məzunları Malayziya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin böyüməsinə, inkişafına və tərəqqisinə müvəffəq olacaq və töhfə verəcəklər”.

Dato Yubazlan Bin Yusof mayın 22-də qeyd edilən Beynəlxalq Bioloji Müxtəliflik Gününün əhəmiyyətinə və məqsədinə toxunaraq bildirib ki, biomüxtəliflik planetimizin canlı toxumasıdır və bir sıra Davamlı İnkişaf Məqsədlərinə cavab olaraq qalır. Milli Müxtəliflik İndeksinin açıqladığı məlumatlara görə, Malayziya Dünya Bioloji Müxtəliflik Reytinqində 12-ci yerdə qərarlaşıb. 1992-ci ildə Rio-de-Janeyroda keçirilən sammitdə Malayziya ümumi ərazisinin ən azı yarısını meşə örtüyü altında saxlamaq öhdəliyi götürüb. 2016-cı ildən Malayziyanın Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi və hesabatı üçün idarəetmə strukturunun yaradılmasından sonra ölkədə 1859 hektar deqradasiyaya uğramış ərazi yenidən bərpa edilib. Bu gün ölkə ərazisinin 55,3 faizi və ya 18,27 milyon hektarı təbii meşə örtüyü altında qalır.

Səfirin sözlərinə görə, təşkil olunan tədbir də təbiətin və ekoloji tarazlığın qorunmasına dair anlayışlılığı və məlumatlılığı artırmaq məqsədilə Beynəlxalq Bioloji Müxtəliflik Gününün qeyd olunmasında təşəbbüs kimi çıxış edir.

Tədbir zamanı, həmçinin milli parkın ərazisində ekotur təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.