İDMAN


Yeddinci “Zirvə” Beynəlxalq Uşaq Oyunlarının ağır atletika yarışlarında növbəti qaliblər müəyyənləşib

Bakı, 10 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Xırdalanda və Astarada keçirilən 7-ci “Zirvə” Beynəlxalq Uşaq Oyunları davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 12 ölkədən 4 mindən çox atletin idmanın 27 növü üzrə mübarizə apardığı Oyunların ağır atletika yarışlarında növbəti qaliblər müəyyənləşib.

Yeddi ölkədən – Azərbaycan, İran, Gürcüstan, Türkiyə, İsrail, Moldova və Ukraynadan 200-ə yaxın uşaq ağır atletin qatıldığı turnirdə körpücük üzərinə 46 kiloqram çəki dərəcəsində atletlər çıxıblar.

Qazax atleti Ravin Məmmədov toplam 136 kiloqram (60+76) nəticə ilə qızıl medal qazanıb. Yunis Həsənli 132 kiloqram (61+71) nəticə ilə gümüş, Elmar Səfərov isə 116 kiloqram (53+63) nəticə ilə bürünc medala sahib olublar.

Yarışda 50 kiloqram çəki dərəcəsində Qazax təmsilçisi Qasım İsmayılov toplam 157 kiloqram (67+90) nəticə ilə bütün rəqiblərini üstələyərək qalib adına layiq görülüb. Gürcüstanlı Arçil Okropiridze 140 kiloqram (62+78) nəticə ilə gümüş, Lənkəran atleti Tofiq Qurbanov isə 134 kiloqram (58+76) nəticə ilə bürünc medal qazanıb.

Türkiyəli Kerem Kurnaz (55 kq) toplam 172 kiloqram (76+96) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Lerikli Elgün Mürşüdov 156 kiloqram (71+85) nəticə ilə ikinci, Lənkəran atleti Emin Əkbərov isə 145 kiloqram (64+81) nəticə ilə üçüncü pillədə qərarlaşıblar.

Yarışda 61 kiloqram çəki dərəcəsində mübarizə aparan türkiyəli Aladdin Sayın qızıl medal qazanıb. O, toplam 176 kiloqram (78+98) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, qardaş ölkə təmsilçilərinin sayca üçüncü belə uğuru olub. Yarışa qatılan hər üç türkiyəli atlet ölkəsinin aktivinə qızıl medal yazdırıb. Bu çəki dərəcəsində gümüş medalı iranlı Abolfazl Hacıpur 169 kiloqram (76+93) nəticə ilə əldə edib. Bürünc medala Lənkəran atleti Hüseyn Heydərov sahib olub. İdmançımız toplam 142 kiloqram (64+78) nəticə göstərib.

Daha sonra körpücük üzərinə 61 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan atletlər çıxıblar. İranlı Taha Nemati toplam 270 kiloqram (125+145) nəticə ilə qızıl medala sahib olub. Gümüş medalı toplam 214 kiloqram (100+114) nəticə ilə ukraynalı Yuri Kojuxar, bürünc medalı isə toplam 209 kiloqram (94+115) nəticə ilə gənc atletimiz Hacı Əlimanov boynundan asıb.

“Zirvə” beynəlxalq idman klublarının təşkilatçılığı ilə keçirilən yarışlarda idmançılar ağırlıqqaldırma, atçılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii gimnastika, idman gimnastikası, sərbəst güləş, yunan-Roma güləşi, karate, kartinq, kikboksinq, şahmat, taekvondo, tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində mübarizə aparırlar.

Mayın 28-dək davam edəcək “Zirvə oyunları”nın məqsədi ulu öndər Heydər Əliyevin irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması, idmanın təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, atletlərin ustalıq səviyyəsinin artırılması, məşqçi-müəllimlərin işinin qiymətləndirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.