CƏMİYYƏT


Yeganə Alıyeva: Şəhid ailələrinə göstərilən qayğı vətənpərvərlik hisslərinin güclənməsinə səbəb olur

Bakı, 11 fevral, AZƏRTAC

“Etibarla 1990-cı il noyabrın 17-də ailə həyatı qurmuşduq. O, hərbi xidmətə yola düşəndə oğlum Xəlilin 2 yaşı tamam olmamışdı, Xaqan isə beşaylıq idi. Gənc bir ailəni başsız qoyub getməsini nə mən, nə də qohum-qardaş ona məsləhət bilmirdi. Lakin Vətən sevgisi hər şeyə üstün gəldi”, - deyə şəhid hərbi qulluqçu Etibar Bayram oğlu Xəlilovun həyat yoldaşı Yeganə Alıyeva 1994-cü ilin qışını xatırlayır.

Qarabağda erməni hərbi birləşmələrinin törətdiyi vandalizmə, günahsız insanların girov götürülməsi, körpə və uşaqların qətlə yetirilməsinə dözə bilmirdi. Nəhayət, 1994-cü il fevralın 2-də könüllü olaraq Binəqədi rayon hərbi komissarlığına müraciət edərək cəbhəyə yollandı.

Etibar Xəlilov 1960-cı il avqustun 13-də Samux rayonunun Ağasıbəyli kəndində anadan olmuşdu. 1984-cü ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunu bitirmişdi. Bakı Baş Tikinti İdarəsində mühəndis işləyirdi.

“O, texnikanı, hesablamanı çox yaxşı bilirdi. Cəbhədə rabitəçi idi. Lakin həmin il mayın 6-da Tərtər rayonunda onun şəhid olması xəbərini eşitdik. Etibarla birlikdə altı nəfər döyüş yoldaşı həlak olmuşdu, meyitini bir gün sonra çıxarmaq mümkün oldu. Gəncədə “İmamzadə” qəbiristanlığında dəfn edildi”, - deyə həyat yoldaşı xatırlayır.

Yeganə Alıyeva ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğının yüksək səviyyədə olduğunu və yanvarın 28-də Prezident İlham Əliyevin bütün şəhid hərbi qulluqçuların ailələrinin birdəfəlik ödəmə ilə təmin olunması və onlara verilən aylıq müavinətlərin qaldırılması barədə fərmanlarının bunun daha bir ifadəsi olduğunu söyləyib.

O, daha sonra deyib: “Prezidentin şəhid ailələrinin problemlərinin diqqət mərkəzində saxlanılması, ilk növbədə, böyük humanistlik və sosial ədalət nümunəsidir. Digər tərəfdən həmin təbəqədən olanlara böyük maddi və mənəvi dəstəkdir. Öz ölümləri ilə torpaqlarımızın azadlığı uğrunda mübarizə tarixi yazan şəhidlərə olan bu hörmət və ehtiram hərbi-vətənpərvərlik hisslərinin güclənməsinə, gənclər və yeniyetmələr arasında yurd sevgisinin artmasına səbəb olur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.