MƏDƏNİYYƏT
Yeganə Axundova: Qəbələ festivalı böyük incəsənət bayramıdır VİDEO
Qəbələ, 30 iyul (AZƏRTAC). Qəbələ Beynəlxalq Musiqi Festivalı böyük incəsənət bayramıdır.
Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, tanınmış pianoçu, Xalq Artisti Yeganə Axundova AZƏRTAC-a müsahibəsində demişdir.
O, festivalın ərsəyə gəlməsində misilsiz xidmətləri olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmişdir.
Xalq Artisti Qəbələ Beynəlxalq Musiqi Festivalında dünya şöhrətli musiqiçilərin, orkestrlərin və digər kollektivlərin iştirakını bu mötəbər incəsənət bayramına beynəlxalq miqyasda marağın artması kimi qiymətləndirmişdir.
İndiyədək bir sıra nüfuzlu beynəlxalq müsabiqələrə qatıldığını söyləyən Yeganə Axundova, Qəbələ Beynəlxalq Musiqi Festivalının özü üçün tamaşaçılar qarşısında illik hesabat olduğunu vurğulayaraq demişdir: “Mən hər il bu festivalı səbirsizliklə gözləyirəm. Bu mötəbər tədbirdə iştirak etmək həm yeni ifaçılarla tanışlıq, həm də mədəniyyətimizin təbliğində mühüm addımdır. Ümumiyyətlə, Azərbaycan klassik musiqisi son illər Avropa və dünyanın digər dövlətlərində də tanınmağa başlanmışdır.
Qəbələ Beynəlxalq Musiqi Festivalı qeyri-adi musiqi bayramıdır. Dağların qoynunda, təbiətin əhatəsində tamaşaçılar qarşısında çıxış etmək insana zövq verir. Klassik musiqi insanın qəlbini saflaşdırır. Bu sənət bayramının tərbiyəvi əhəmiyyəti böyükdür. Eyni zamanda, Qəbələ festivalının ölkəmizin musiqisinin dünyada tanıdılmasında əvəzolunmaz yeri vardır”.