CƏMİYYƏT
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzman ilə görüşüb.
DQİDK-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Komitə sədrinin müavini qonaqlara ölkəmizdəki nümunəvi tolerant və multikultural mühit barədə məlumat verib.
Bildirib ki, əhalisinin çox hissəsini müsəlmanların təşkil etməsinə baxmayaraq, Azərbaycan hər zaman digər dinlərin nümayəndələrinə qarşı humanist mövqeyini qoruyub saxlayıb. Heç bir din insanları qarşıdurmaya çağırmır. İslam dininin mənsubları arasında harmoniya və vəhdətin qorunması ilə bərabər, başqa dinlərin mənsublarına da eyni münasibət göstərilir. Yalnız bu halda dünyada sabitliyi və balansı qoruyub saxlamaq, bəşəri dəyərlər sistemini mükəmməl formaya gətirib çıxarmaq mümkündür.
Sədr müavini qeyd edib ki, Azərbaycan ənənəvi İslam ölkəsi olsa da, eyni zamanda, dünyəvi dövlətdir, burada dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Azərbaycandakı mövcud qanunvericilik bazası da vətəndaşların bu sahədəki hüquqlarını tam şəkildə qoruyur. O, ölkəmizdə dini icmaların qanun çərçivəsində azad fəaliyyəti üçün zəruri şəraitin yaradıldığını, eləcə də onlara dövlətimiz tərəfindən maddi və mənəvi dəstək göstərildiyini bildirib.
Diqqətə çatdırıb ki, ölkəmizdəki dinlərarası münasibətlərə xələl gətirəcək formada fəaliyyət göstərməyən bütün dini qurumlara tam şərait yaradılıb, dini konfessiya nümayəndələrinə qarşı dözümlülük və tolerantlıq nümayiş olunur.
Ölkəmizə yenidən səfər etməsindən məmnunluğunu bildirən “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri Toni Breys səmimi görüşə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
T.Breys son illərdə ölkəmizdə “Yehovanın şahidləri” dini icmasının üzvlərinin normal fəaliyyətinin təmin olunması, xüsusi ayinlərin icrası və dini bayramlarının qeyd edilməsi üçün yaradılan şəraitə görə razılığını bildirib.