QAN YADDAŞI
Yekaterinburqda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Moskva, 21 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun və Sverdlovsk vilayətində fəaliyyət göstərən “Azərbaycan” ictimai təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə baş konsul İlqar İskəndərov çıxış edərək 1990-cı il yanvarın 20-nə keçən gecə sovet silahlı qüvvələrinin çoxsaylı kontingentinin heç bir xəbərdarlıq etmədən Bakıya daxil olması və həmin gecə dinc əhaliyə qarşı hərbi texnika və müxtəlif silahlardan atəş açaraq yüzdən çox sakini, o cümlədən qadın və uşaqları xüsusi qəddarlıqla qətlə yetirməsi barədə danışıb. O, faciənin ertəsi günü xalqımızın ümummilli lideri Heydər Əliyevin özünün və ailə üzvlərinin həyatına qarşı təhlükəyə baxmayaraq Azərbaycan Respublikasının Moskva şəhərindəki nümayəndəliyinə gələrək Bakı şəhərində törədilmiş hərbi cinayətə qarşı etirazını bildirdiyini, günahkarların cəzalandırılmasını tələb etdiyini və etiraz əlaməti olaraq Sovet İttifaqı Kommunist Partiyası sıralarından çıxdığını diqqətə çatdırıb. Diplomat gənc nəslin xalqımızın başına gələn bəlaları və ölkəmizin müstəqilliyi uğrunda həlak olan qəhrəmanlarımızı heç bir zaman unutmamağa və bu kədərli xatirələri qoruyub nəsildən-nəslə ötürməyə çağırıb.
Sonra Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi, Ermənistanın Azərbaycana qarşı 80-ci illərin sonundan başlayan ərazi iddiaları və 20 yanvar 1990-cı il tarixində Bakıda törədilmiş qanlı hadisələr haqqında sənədli filmlər nümayiş etdirilib.
Filmlərin nümayişindən sonra “Azərbaycan” ictimai təşkilatının sədri Şahin Şixlinski, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayətindəki rəhbəri və üzvləri, Özbəkistan, Tatarıstan və Dağıstan respublikalarının diaspor təşkilatlarının rəhbərləri və azərbaycanlı soydaşlarımız çıxış ediblər.
Tədbirin sonunda şəhidlərimizin ruhuna dualar oxunub və ehsan verilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva