SİYASƏT


Yekaterinburqda Müstəqillik Gününə və “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib

Yekaterinburq, 27 may, AZƏRTAC

Azərbaycanın Yekaterinburq şəhərindəki Baş konsulluğunda 28 May - Müstəqillik Gününə və “Şuşa İli”nə həsr olunmuş rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, rəsmi ziyafətdə 200 nəfərə yaxın qonaq, o cümlədən Sverdlovsk vilayətinin Qanunverici Məclisinin sədri Lyudmila Babuşkina, Beynəlxalq xarici iqtisadi əlaqələr nazirinin müavini Lyudmila Berq, mədəniyyət nazirinin müavini Roman Doroxin, Sverdlovsk vilayətinin çoxsaylı hökumət nümayəndələri, Qanunverici Məclisin deputatları, baş konsullar, diplomatik korpusun digər təmsilçiləri, habelə universitet rektorları, ictimai xadimlər, Ural Federal Dairəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri və Yekaterinburq şəhərində təhsil alan fəal azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir 28 May - Müstəqillik Günü və “Şuşa İli” ilə bağlı xüsusi hazırlanmış stendin qarşısında qonaqların qarşılanması, qonaqlara xalqımızın mübarizə rəmzinə çevrilmiş Qarabağla, Şuşa ilə bütünləşən “Xarıbülbül”, habelə Azərbaycan-Rusiya bayraqlarından ibarət döş nişanlarının təqdim olunması, Azərbaycan və Rusiya Dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Giriş nitqi ilə çıxış edən baş konsul vəzifələrini icra edən Şöhrət Mustafayev 104 il bundan əvvəl - 1918-ci il mayın 28-də Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının xalqımızın qədim dövlətçilik tarixinə böyük hadisə kimi daxil olmasında, 23 aylıq qısa fəaliyyəti dövründə ölkəmizin dünya birliyi tərəfindən müstəqil dövlət kimi tanınmasından bəhs edərək deyib: “Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi missiyanı şərəflə yerinə yetirərək, Azərbaycanın ilk hökumətini və parlamentini, habelə dövlət aparatını təşkil edib. Dünyanın müxtəlif ölkələrində səfirlik və konsulluqların açılması, sərhədlərin müəyyən olunması, şanlı bayrağımızın, himnimizin və gerbimizin təsis olunması, ana dilimizin dövlət dili elan olunması, ordu quruculuğu sahəsində ciddi tədbirlərin həyata keçirilməsi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqətin yetirilməsi taleyüklü və misilsiz hadisə kimi qiymətləndirilir.

Ş.Mustafayev XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanın ümummilli lider Heydər Əliyevin siyasi dühası sayəsində dövlətçiliyini qoruduğunu, stabilliyin tam təmin olunduğunu, bütün istiqamətlər üzrə inkişafın təməllərinin artırıldığını vurğulayıb, ümummilli liderin uğurlu siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırıb.

Eyni zamanda, Ş.Mustafayev öz nitqində bildirmişdir ki, daim mehriban qonşuluq siyasətinə böyük əhəmiyyət verən ölkəmiz hər zaman Rusiya Federasiyası ilə münasibətlərinin yüksələn xətt üzrə inkişafına diqqət göstərir. O, xalqlarımız arasında dərin tarixi köklərlə əsaslanan dostluq münasibətlərinin qorunub saxlanıldığını, ölkə başçılarımız arasındakı yaxın dostluq münasibətlərinin də qarşılıqlı münasibətlərə çox böyük töhfə verdiyini vurğulayıb.

Daha sonra çıxış edən Qanunverici Məclisin sədri Lyudmila Babuşkina Asiya və Avropanın birləşmə nöqtəsində yerləşən Azərbaycanın öz zəngin mədəniyyətində bəşəriyyətin ən yaxşı tərəflərini özündə ehtiva etdiyini bildirib. O vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dünyəvi və parlamentli respublika olub, hazırda sülhpərvər siyasət aparan Azərbaycan Respublikası böyük nüfuz qazanıb.

Çıxışının sonunda Rusiya-Azərbaycan münasibətlərinə toxunan L.Babuşkina bu gün ölkələrimiz arasında daim inkişaf edən əlaqələrin nümunəvi xarakter daşıdığını, bütün sahələr üzrə qarşılıqlı əməkdaşlığın ən yüksək zirvədə olduğunu xüsusi diqqətə çatdırıb.

Daha sonra çıxış edən beynəlxalq xarici iqtisadi əlaqələr nazirinin müavini Lyudmila Berq, diplomatik korpusun duayeni, Özbəkistanın baş konsulu Abdusalom Xatamov, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni təşkilatının sədri Şahin Şıxlinski Sverdlovsk vilayəti ilə ölkəmiz arasında iqtisadi, ticarət və mədəni-humanitar sahədə əlaqələrdən söz açıblar. Özbəkistan Respublikasının baş konsulu Abdusalom Xatamov Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğunun fəaliyyətini yüksək qiymətləndirib və Özbəkistanla Azərbaycan arasında qardaşlıq münasibətlərindən bəhs edib.

Tədbirin sonunda xanım qonaqlara Xarıbülbül rəsmli kəlağayılar və çay dəstləri hədiyyə olunub.

Daha sonra qonaqlara Azərbaycan milli mətbəxinin ləziz taamları və şirniyyatları təqdim edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Yekaterinburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.