SİYASƏT
Yekaterinburqda Sverdlovsk vilayəti azərbaycanlılarının Konqresi keçirilmişdir
Moskva, 22 iyun (AZƏRTAC). Yekaterinburqda Ümumrusiya Azərbaycan Konqresinin regional bölməsinin təşkilatçılığı ilə Sverdlovsk vilayəti azərbaycanlılarının Konqresi keçirilmişdir.
Əvvəlcə Sverdlovsk vilayəti qubernatoru Aleksandr Mişarinin forumun təşkilatçılarına və iştirakçılarına ünvanlanmış təbrik məktubu oxunmuşdur. Azərbaycan diasporu nümayəndələrinin dəstəyi ilə Orta Ural və Azərbaycan Respublikası arasında iqtisadi və mədəni əlaqələrin ilbəil möhkəmləndiyinin vurğulandığı məktubda deyilir: “Vilayətdə yaşayan azərbaycanlılar regionun sosial-iqtisadi inkişafına sanballı töhfə verir, iqtisadiyyatın bütün sahələrində əzmlə çalışır, təhsil və səhiyyə, elm və mədəniyyət sahələrində fəaliyyət göstərirlər”.
ÜAK-ın vitse-prezidenti, ÜAK-ın Ural Federal Dairəsi Şurasının və ÜAK-ın Sverdlovsk regional bölməsinin sədri Şahin Şıxlinski Azərbaycan diasporunun fəaliyyətindən söz açaraq Ural azərbaycanlılarının qarşıdan gələn Rusiya Prezidenti və Dövlət Duması seçkiləri ilə əlaqədar strateji mövqeyinin hazırlanması, müasir Rusiyanın əsas ictimai-siyasi qüvvəsi olan “Yedinaya Rossiya” Partiyasına münasibətdə Azərbaycan ictimai qurumunun mövqeyinin müəyyən edilməsi məsələlərinə toxunmuşdur. “Yedinaya Rossiya”nın vahid çoxmillətli dövlət kimi Rusiyanın gələcək quruculuğu və tərəqqisi işlərinə yönəlmiş siyasətini Azərbaycan diasporu adından dəstəkləyən Ş.Şıxlinski demişdir: “Biz, Sverdlovsk vilayəti azərbaycanlıları bu siyasəti dəstəkləyirik, onunla həmrəyik və buna heç bir alternativ görmürük”. O, həmvətənlərimizi gələn il keçiriləcək seçkilərdə fəal iştirak etməyə çağırmışdır.
Sverdlovsk vilayəti Qanunvericilik Məclisinin vilayət Duması sədrinin müavini və “Yedinaya Rossiya” İctimai Birlikləri Sverdlovsk Regional Məsləhət Şurasının sədri Nail Şaymardanov çıxışında təmsil etdiyi partiyanın siyasətinə dəstəyə görə minnətdarlığını bildirmiş, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsi işinə Azərbaycan diasporunun layiqli töhfəsini vurğulamışdır.
Qubernatorun administrasiyası rəhbərinin mavini və daxili işlər departamentinin direktoru Aleksandr Aleksandrov, ictimai, milli və dini qurumlarla iş üzrə şöbənin rəisi Maya Mixaylova və vilayət ictimaiyyətinin digər nümayəndələri çıxışlarında Azərbaycan ictimai qurumunun fəaliyyətini yüksək qiymətləndirmişlər.
Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Sverdlovsk vilayəti üzə regional bölməsinin sədri Vüsal Vəliyev çıxışında RAGT-ın fəaliyyətindən söz açaraq bildirmişdir ki, Azərbaycan gəncləri vilayətin çoxşaxəli ictimai həyatında fəal iştirak edir, Rusiya cəmiyyətinə uğurla inteqrasiya edirlər. RAGT-ın bu istiqamətdə həyata keçirdiyi layihələr artıq öz bəhrələrini verməkdədir.
Forumun işində Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov iştirak etmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva