REGİONLAR


Yel çərşənbəsi Yanardağda qeyd edilib

Xırdalan, 12 mart, Ətrabə Rzayeva, AZƏRTAC

Azərbaycan xalqının mədəni irsinin, folklorunun, adət-ənənələrinin qorunması və təbliğində Novruz bayramının böyük əhəmiyyətini nəzərə alaraq, artıq bir neçə ildir ki, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təntənəli bayram şənlikləri keçirilir. Xalq arasında bu çərşənbəyə Yel çərşənbəsi, Yelli çərşənbə, Küləkli çərşənbə, Hava çərşənbəsi, Külək oyadan çərşənbə də deyirlər. Yel çərşənbəsi yelin təzəcə çıxmış otlarını oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır. Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir.

AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə martın 12-də Yel çərşənbəsi münasibətilə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təşkil edilən “Yurduma bahar gəlir” adlı tədbir rəngli görüntülərlə yadda qalıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın, Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Volkan Öskiperin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə Novruz bayramı, çərşənbələrə aid bayatılar, şeirlər səslənib. “Abşeron” rəqs ansamblının ifasında “Cəngi” rəqsi ifa olunub, rayon mədəniyyət evinin bədii kollektivi maraqlı musiqi nömrələri ilə çıxış edib.

Novruzun personajları Kosa və Keçəlin mərasimə gəlmələri isə bayram tədbirini daha da rövnəqləndirib. Onların ənənəvi deyişməsini isə uşaqdan böyüyə hər kəs əzbər bilir. Keçəl və Kosa çıxışlarının sonunda Bahar qızını mərasimə dəvət ediblər. Allı-güllü Bahar qızı tədbirə yaz təravəti gətirib. Xonça, səməni, şəkərbura, paxlava kimi Novruz şirniyyatları mərasimin bəzəyi olub. Mərasim yumurta döyüşdürülməsi və digər maraqlı oyunlarla yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.