İDMAN


Yelkənçi idmançılarımız İzmirdə təlim–məşq düşərgəsində iştirak ediblər

Bakı, 4 yanvar, AZƏRTAC

Azərbaycan Yelkənli İdman Federasiyasının yığma komandası İzmirdə “Optimist” və “Laser” sinifləri üzrə təlim–məşq düşərgəsində iştirak edib.

Federasiyadan AZƏRTAC-a bildirilib ki, “Teos Marina” yelkənli idman klubunun dəvəti ilə Türkiyənin nüfuzlu klubları da düşərgəyə qatılıblar. Düşərgənin sonunda bütün idmançıların iştirakı ilə “Teos Kuboku” uğrunda yarış keçirilib.

Təlim-məşq düşərgəsində yığmamızın yelkənçiləri ilə yanaşı, Azərbaycan Yelkənli İdman Federasiyasının yeni idmançıları da bacarıqlarını nümayiş etdiriblər.

Federasiyanın yığma komandasının üzvləri Seferihisar bələdiyyəsində olub, sədr Tunç Soyer ilə görüşüblər. Azərbaycanlı idmançıları yüksək qonaqpərvərliklə qarşılayan bələdiyyə sədri yelkənçilərimizin çətin hava şəraitində peşəkarlıq nümayiş etdirdiklərini vurğulayaraq, onların çıxışını yüksək qiymətləndirib.

Düşərgəyə “Optimist” sinfi üzrə Murad Hacızadə, Murad İsmayılov, Kristina Kərimova, Ayla Babayeva, Fidan Ağazadə, Səxavət Əzimov, Nicat Şükürov, Timur Sıkaçevski, “Laser” sinfi üzrə İsmayıl Kərimov, Cavid Kərimov, Murad Allahverdi, heyətin rəhbəri Burcu Alqon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşı, köməkçi məşqçilər Aleksandr Knyazev, Anton Vilyayev qatılıblar.

Qeyd edək ki, aktiv bazası 2014–cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi maddi-texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, komandaya yeni idmançılar cəlb etməkdir. Federasiya tərəfindən “Optimist” və “Laser” sinifləri üzrə iki komanda formalaşdırılıb. Bu komandaları xaricdən dəvət edilən iki baş məşqçi çalışdırır. Komandaların məşqləri məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəssislərin rəhbərliyi ilə keçirilir.

Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə xaricdə təşkil olunan təlim-məşq düşərgələrinə qatılıblar. Təlim-məşq düşərgələrində iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.