CƏMİYYƏT


Yemək borusu xəstəliklərinin cərrahi yolla müalicəsi üçün xaricə üz tutmağa ehtiyac yoxdur

Bakı, 13 noyabr, AZƏRTAC

Bu gün geniş yayılan patologiyalar içərisində yemək borusu xəstəlikləri xüsusi yer tutur. Döş qəfəsi cərrahiyyəsinə aid olan həmin xəstəliklərin bəzən müxtəlif mütəxəssislər tərəfindən xaotik müalicəsi mövzunu bir qədər də aktuallaşdırır.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının torakal cərrahı, tibb üzrə fəlsəfə doktoru, Avropa və Ukrayna Torakal Cərrahlar Assosiasiyasının üzvü Arif Ağayev AZƏRTAC-a yemək borusu xəstəliklərinin müayinəsi, əsasən də cərrahi yola müalicəsi barədə məlumat verib.

Mütəxəssisin sözlərinə görə bu barədə cəmiyyətimizdə birtərəfli, yanlış fikirlər mövcuddur: "Yemək borusunun mürəkkəb orqan olması xüsusilə qabardılır, onun xəstəliklərindən əziyyət çəkənlərə xaricdə müalicə olunmaq məsləhət görülür. Bununla yanaşı, ağırlaşan xəstələrə “şansınız yoxdur” deyilir. Amma unutmamalıyıq ki, istənilən xəstənin şansı həmişə var".

Klinikada döş qəfəsi cərrahiyyəsi üzrə ixtisaslaşmış bir mərkəzin fəaliyyət göstərdiyini vurğulayan A.Ağayev bildirib ki, son 4 ildə mərkəzə yemək borusu patologiyası ilə təxminən 100 xəstə müraciət edib: "Ümumilikdə ilə 25-30, aya 3-5 patologiya düşür. Son 6 ayda isə müraciət edənlərin sayı xeyli çoxalıb. Müraciətlərin böyük qismi yemək borusunda xoşxassəli, bədxassəli və yaxud digər törəmələrlə bağlıdır. Müraciətlər arasında üstünlük təşkil edəni yemək borusunun bədxassəli törəmələridir. Bu da ümumi problemin təxminən 40 faizini əhatə edir. Biz də onları daha müasir cərrahi üsullarla müalicə edirik. Azərbaycanda bu cür əməliyyatlar yalnız bir neçə müəssisədə, o cümlədən Tibb Universitetinin klinikasında da uğurla icra olunur. Nəticələrimiz dünyanın qabaqcıl klinikaları səviyyəsindədir. Demək olar ki, klinikamızda yemək borusu patologiyasından ölüm halları baş verməyib. Təbii ki, əməliyyatdan sonra fəsadlar olur, lakin vaxtında göstərilən peşəkar müdaxilə sayəsində aradan qaldırılır”.

A.Ağayev “yemək borusu xəstəliklərinin müalicəsi çox çətindir” düşüncəsinin köhnəldiyini, problemlərin stendtaxmalar, bərpa əməliyyatları, invaziv üsullarla həll olunduğunu deyir: “Yemək borusu patologiyaları əksərən cərrahi problemlər olur. Klinikamızda həmin patologiyaların diferensial diaqnostikası dəqiqliklə aparılır. Kompüter tomoqrafiya, pentgenoloji, endoskopik, laborator müayinələr və invaziv əməliyyatlar üçün alət və texniki avadanlıqlarla təchizat yüksək səviyyədədir. Müasir texniki imkanlardan səmərəli istifadə edən peşəkar bir komanda pasiyentlərin xidmətindədir. Döş qəfəsi cərrahiyyəsinə aid elə bir əməliyyat növü yoxdur ki, klinikanın nəzdindəki mərkəzdə icra edilməsin. Əminliklə deyə bilərəm ki, yemək borusu xəstəliklərinin cərrahi yolla müalicəsi üçün xaricə üz tutmağa ehtiyac yoxdur. Bizim mərkəzdə əməliyyat olunan xəstələr əməliyyatın 5-7-ci günlərində normal həyata geri dönürlər. Düzgün qidalanmanı əngəlləyən, həyat keyfiyyətlərini aşağı salan, ağızdan qida qəbulunun tamamilə dayandırmasına gətirib çıxaran problemlər qısa müddət ərzində daha az travmatik yollarla öz həllini tapır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.