DÜNYA
Yəməndə pilotsuz uçuş aparatının hərbi bazaya hücumu zamanı beş nəfər ölüb
Bakı, 10 yanvar, AZƏRTAC
Yəməndə husi üsyançılar hərbi bazaya pilotsuz uçuş aparatı ilə hücum ediblər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hücum nəticəsində azı beş yəmənli hərbçi həlak olub, həmçinin bir neçə nəfər yaralanıb.
AI-Arabiya telekanalının yaydığı məlumata görə, hücum zamanı Al-And bazasında hərbi parad keçirilirdi.
Yaralananlar arasında ali komandanlığın yüksək rütbəli nümayəndələrinin - baş qərargah rəisinin və onun müavininin, hərbi kəşfiyyatın başçısının da olduğu bildirilir. Onların vəziyyəti barədə məlumat verilmir.
Yəməndə hökumət qüvvələri ilə husi üsyançılar arasında silahlı münaqişə 2014-cü ildən bəri davam edir. Səudiyyə Ərəbistanı başda olmaqla ərəb ölkələri koalisiyası bu münaqişədə hökumətə dəstək verir.