DÜNYA
Yəmənli nazir Efiopiyada qəzaya uğramış təyyarəyə gecikib
Bakı, 11 mart, AZƏRTAC
Yəmənin su resursları və ətraf mühit naziri Nabil Abdullah “Ethiopian Airlines” aviakompaniyasının Efiopiyada qəzaya uğramış təyyarəsinə gecikdiyi üçün sağ qalıb.
AZƏRTAC xəbər verir ki, bunu nazir müavini Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, nazir reysə bir neçə dəqiqə gecikib. Nabil Abdullah aeroporta gələrkən artıq təyyarəyə minik qapısı bağlanmışdı.
Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-8” təyyarəsi martın 10-da səhər saatlarında Efiopiyanın Debre-Zeyt şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub.
“Ethiopian Airlines” qəzadan sonra bütün “Boeing 737-8” təyyarələrinin uçuşlarını dayandırıb. Aviakompaniyadan bildiriblər ki, qəzanın dəqiq səbəbləri bəlli olmasa da, bu qərar əlavə təhlükəsizlik tədbiri kimi qəbul edilib.