CƏMİYYƏT
Yeni Ələt dəmir yolu stansiyasında parklanmış vaqonlardan oğurluq edən şəxslər tutulublar VİDEO
Bakı, 6 sentyabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Yeni Ələt dəmir yolu stansiyasında parklanmış vaqonlardan oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, naməlum şəxslər vaqonların alt hissəsində quraşdırılan hava ötürücü və elektrik xətlərinin keçdiyi boruları kəsərək oğurlayıb. Hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat zamanı həmin oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Ələt qəsəbəsi sakinləri Asim Süleymanov və onun qohumu İlqar Hüseynov saxlanılıblar. Onların idarə etdikləri avtomobilə baxış zamanı vaqonlardan oğurladıqları metal parçalar və hadisə zamanı istifadə etdikləri kəsici alətlər aşkarlanaraq götürülüb. Hər iki şəxs ifadəsində Yeni Ələt dəmir yolu stansiyasında parkalanmış vaqonlardan oğurluq etdiklərini etiraf ediblər.
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar aparılır. Saxlanılan şəxslərin barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.