DÜNYA


Yeni “Apple M2” prosessorunun seriyalı istehsalına başlanılıb

Bakı, 29 aprel, AZƏRTAC

“Apple” şirkətinin “ARM” arxitekturası üzərində hazırlanan ikinci nəsil prosessorun seriyalı istehsalına başlanılıb.

AZƏRTAC verir ki, “M2” yarımkeçiricilər sahəsinin lideri və “Apple” korporasiyasının uzunmüddətli tərəfdaşı qismində çıxış edən “Taiwan Semiconductor Manufacturing Co.” (TSMC) şirkətinin zavodlarında istehsal olunur. Yeni çip mərkəzi prosessor, qrafik prosessor və süni intellekt sürətləndiricisini birləşdirən birkristallı sistemdir.

Lakin “M1” prosessorundan fərqli olaraq yeni mikrosxemlər təkmilləşdirilmiş 5 nanometrlik texnologiyanın (N5P) tətbiqi ilə istehsal olunur ki, bu da daha böyük məhsuldarlıq və enerji səmərəliliyini təmin edəcək.

“M2” prosessorunun ilk partiyasının tədarüklərinə iyulda başlamaq nəzərdə tutulur. Məlumata görə, təkmilləşdirilmiş prosessorlarla əvvəlcə ikinci və ya üçüncü rübdə buraxılacaq 14 və 16 düymlük “MacBook Pro” noutbukları təchiz ediləcək. Bundan əlavə, bu il və ya növbəti ildə yeni çiplərlə təchiz edilən daha kompakt “Mac Pro” noutbuklarının buraxılışı gözlənilir.

“Apple Silicon” – şirkətin öz səyi ilə layihələndirilən “ARM” çipinə malik ilk kompüterlər (“MacBook Air”, “MacBook Pro” və “Mac mini”) ötən ilin noyabrında təqdim edilib. Uzun illərdir “Mac” noutbuklarına “x86” arxitekturalı “Intel” həlləri quraşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.