CƏMİYYƏT
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi məlumatlandırma aksiyası keçirib
Bakı, 12 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi işğalçı Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını raket atəşinə tutması barədə e-mail məlumatlandırma aksiyası keçirib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində partiyanın çoxsaylı gəncləri dünyanın ABŞ, Rusiya, Britaniya, Almaniya kimi ölkələri də daxil olmaqla 60-a qədər dövlət başçısının, beynəlxalq təşkilatların, Avropa Parlamentinin deputatlarının e-mail ünvanlarına YAP Gənclər Birliyinin müraciətini ünvanlayıblar.
Müraciətdə Ermənistanın Gəncə terrorunun nəticələri barədə məlumat verilib. Qeyd olunub ki, YAP Gənclər Birliyi beynəlxalq təşkilatlara, media qurumlarına müraciət edərək, Ermənistanın dövlət səviyyəsində həyata keçirilən terror siyasətinə susmamağa, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağa səsləyir. Bu gün Ermənistan Azərbaycan vətəndaşlarına qarşı terror və soyqırımı həyata keçirməkdədir. Müasir dünya Holokost, Ruanda, Srebrenitsa, Xocalı soyqırımlarından sonra daha bir genosidi qaldıra bilməz. Bu səbəbdən də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi dünya birliyini Ermənistanın təcavüzkarlıq siyasətinə biganə qalmamağı, işğalçıya qarşı səmərəli tədbirlər görməyə, Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə çağırıb.