SİYASƏT


Yeni Azərbaycan Partiyası İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 4-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

YAP-dan AZƏRTAC-a bildiriblər ki, iclasda pandemiya ilə əlaqədar Yeni Azərbaycan Partiyasının gördüyü işlər barədə məlumat dinlənilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasında koronavirus pandemiyasının geniş yayılmaması və pandemiyanın vura biləcəyi zərərin qarşısını almaq üçün sistemli tədbirlər həyata keçirilib. Görülən tədbirlər sırasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi də xüsusi diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi altında epidemiyanın qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə Yeni Azərbaycan Partiyası yaxından və fəal iştirak edib, bu istiqamətdə bir sıra mühüm aksiyalar keçirib. Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bütövlükdə 500 min manat, Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna isə 30 min manat ianə edib. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə ayrılmış ərzaq yardımları YAP-ın könüllüləri tərəfindən 33355 imkansız ailəyə çatdırılıb.

Yeni Azərbaycan Partiyası tərəfindən 21-29 mart tarixlərində ”Sağlamlığımız milli həmrəyliyimizdədir” devizi ilə keçirilən kampaniya çərçivəsində bütün respublika ərazisində ahıl, imkansız və ehtiyacı olan 7780 ailəyə könüllülər vasitəsilə gigiyenik vasitələr çatdırılıb. YAP tərəfindən aprelin 4-də start verilmiş və xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində davam edən aksiya çərçivəsində partiyanın rayon təşkilatlarının, eləcə də fəalların maliyyə dəstəyi ilə 17324 ailəyə ərzaq və digər yardımlar göstərilib.

Yeni Azərbaycan Partiyasının və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aprelin 4-də başladığı birgə sosial aksiya çərçivəsində isə 21138 ailəyə sosial xidmət göstərilib.

İclasda, həmçinin Yeni Azərbaycan Partiyasında fəaliyyət göstərən komissiyaların yenidən formalaşması məsələsi müzakirə edilib. Qəbul edilmiş qərara əsasən, komissiyaların tərkibində müvafiq dəyişikliklər edilib. İclas iştirakçıları komissiyaların fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində təkliflərlə çıxış ediblər.

Daha sonra partiya həyatı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.