REGİONLAR
Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının gənclər birliyinin konfransı keçirilib
Lənkəran, 10 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 10-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran şəhər təşkilatı gənclər birliyinin konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransdan əvvəl Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatları Hadi Rəcəbli və Cavanşir Paşazadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Heydər Əliyev xatirə parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycan Respublikasının Prezidenti, gənclərin hamisi və dostu İlham Əliyevin Lənkərana və lənkəranlılara sonsuz diqqət və qayğı göstərdiyini bildirib. T.Qaraşov dövlətimizin başçısının Lənkərana tarixi səfərlərinin, o cümlədən 2017-ci ilin sentyabr və ötən ilin oktyabr aylarında şəhərə gəlişinin hər bir sakinə böyük qürur hissi bəxş etdiyini deyib.
Lənkəran şəhərinin tərəqqisində gənclərin geniş iştirakına xüsusi önəm verildiyini vurğulayan rayon icra hakimiyyətinin başçısı gəncləri ölkəmizin ictimai-siyasi həyatında daha fəal olmağa çağırıb, onlara uğurlar arzulayıb.
YAP Lənkəran şəhər təşkilatı gənclər birliyinin sədri Uğur Qurbanzadə hesabat məruzəsi ilə çıxış edib.
Toplantıda çıxış edən Milli Məclisin deputatları Hadi Rəcəbli, Cavanşir Paşazadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıblar. Çıxışlarda, həmçinin Lənkəran gənclərinin də ölkəmizin ictimai həyatında fəal iştirakından danışılıb, bu baxımdan gənclər birliyi üzvlərinin rolu yüksək qiymətləndirilib.
Konfransda təşkilati məsələlərə də baxılıb. YAP Lənkəran şəhər təşkilatının məsləhətçisi Teymur Babazadə təşkilatın gənclər birliyinin sədri seçilib.
Toplantıda, həmçinin şuranın 15 nəfərdən ibarət tərkibi, eləcə də 9 nəfərdən ibarət idarə heyətinin yeni tərkibi təsdiqlənib.